Azərbaycan Voleybol Federasiyasının rəsmiləri CEV-in Baş Assambleyasında iştirak ediblər
Niderlandın Arnhem şəhərində Avropa Voleybol Konfederasiyasının (CEV) XLIII Baş Assambleyası keçirilib.
Azərbaycan Voleybol Federasiyasından (AVF) verilən məlumata görə, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) prezidenti Ari Qraça və CEV prezidenti Aleksandr Boriçiçin rəhbərlik etdiyi Assambleyaya 52 yerli federasiyanın nümayəndələri qatılıb. Yığıncaqda AVF rəsmiləri də iştirak ediblər.
Baş Assambleyada ölkə CEV İdarə heyətinin üzvü, yerli federasiyanın vitse-prezidenti Cəlil Cəfərov və baş katib Fərid Xəlilov ilə təmsil olunub.
Boriçiç iştirakçıları salamlayıb və Arnhem şəhərində baş tutan Assambleyanın Avropa voleybol ailəsinin son nailiyyətlərindən biri olduğunu qbildirib. FIVB ilə çox sıx və məhsuldar əməkdaşlıqdan danışan funksioner pandemiyanın yaratdığı fasilədən sonra keçirilən yarışlardan söz açıb. O, 2018-ci ildən idmançılar üçün yarışlarda pul mükafatını artırdıqlarını və illik büdcələrini 21 milyon avroya çatdırdıqlarını vurğulayıb.
Ari Qraça isə dünyada milli federasiyalara göstərilən dəstəyi qeyd edib: "Biz hamımız son bir neçə il ərzində voleybolun nə qədər inkişaf etdiyini görürük. Ancaq bu idman növü daha da böyüməlidir. Ona görə də hər dəfə yaxşı ideya görəndə və ya müsbət görüş keçirəndə həmin fikirləri ölkənizə aparın. Hər kəsə göstərin ki, voleybolun inkişafı üçün nə qədər güclü plan qurularsa, o qədər yüksək nəticələr əldə olunar. Çalışmalıyıq ki, cənab Boriçiçin rəhbərliyi altında Avropada qazanılan uğurları digər ölkələr də əldə etsin".
Qeyd edək ki, Niderlandda təşkil olunan Avropa Voleybol Konfederasiyasının XLIII Baş Assambleyasının ardınca 23 - 25 sentyabrda Beynəlxalq Voleybol Federasiyasının Konqresi baş tutacaq.