"Qarabağ"ın kapitanının son durumu bəlli oldu
"Qarabağ"ın kapitanı Maksim Medvedevin son durumu açıqlanıb. Klubun mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, 32 yaşlı müdafiəçi zədəsini sağaltmaq üzrədir. Təcrübəli futbolçu "Viktoriya" (Plzen) klubuna qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün komanda ilə birlikdə Çexiyaya yollanacaq. Medvedevin sözügedən qarşılaşmada oynayıb-oynamayacağı hələlik bəlli deyil. Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb. Maksim Medvedev İsveçrədə "Sürix"lə 1:1 hesablı heç-heçə etdikləri II təsnifat mərhələsinin cavab oyununda zədələnib. Müdafiəçi bu səbəbdən Macarıstan "Ferentsvaroş"una qarşı III təsnifat mərhələsinin matçlarını buraxıb.