Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının iclası keçirildi - FOTO
İyunun 13-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Konstitusiya Məhkəməsi, Milli Məclis və Nazirlər Kabineti nümayəndələrinin iştirakı ilə Şuşada Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (HEQT Mərkəzi) Müşahidə Şurasının genişləndirilmiş formatda ilk əyani iclası keçirilib.
E-huquq.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli Fərmanı ilə yaradılmış Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin qarşısına qoyulmuş əsas vəzifələr və hədəflər, habelə zəruri təşkilati məsələlər müzakirə edilib.
İclasda HEQT Mərkəzinin yaradılmasının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə həyata keçirilən hüquqi islahatların mühüm mərhələsi olması xüsusi vurğulanıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov HEQT Mərkəzinin qarşısında duran vəzifələr barədə ölkə rəhbərliyinin tapşırıqlarını və HEQT Mərkəzinin fəaliyyətindən gözləntilərini iclas iştirakçılarının diqqətinə çatdırıb.
Bundan başqa, iclasda HEQT Mərkəzinin inkişaf istiqamətləri, strateji məqsədləri barədə təqdimat nümayiş etdirilib və müvafiq müzakirələr keçirilib. Müzakirələr zamanı HEQT Mərkəzinin strukturu, iş bölgüsü, onun digər dövlət orqanları və qurumları ilə işgüzar əlaqələrinin qurulması barədə fikir mübadiləsi aparılıb. HEQT Mərkəzinin tabeliyində olan Hüquq və İnsan Haqları İnstitutunun publik hüquqi şəxs statusunda gələcək fəaliyyətinin hüquqi çərçivəsi, fəaliyyət istiqamətləri və daxili strukturu ilkin olaraq müzakirə edilib.
Eyni zamanda iclasda HEQT Mərkəzinin rəhbərliyinə namizəd şəxslərlə müsahibə keçirilib, Mərkəzin ştatının yüksəkixtisaslı mütəxəssislərdən ibarət olması məqsədilə işə qəbul üçün açıq, şəffaf və rəqabətli müsabiqənin keçirilməsi barədə qərar qəbul edilib. Müsabiqənin şərtləri və keçirilmə qaydası barədə hüquq ictimaiyyətinə və mediaya müvafiq qaydada əlavə məlumat veriləcək.