Millinin sabiq futbolçusu gizlinləri açdı - "Mənim dinimə, saqqalıma..."
"İnanıram ki, Azərbaycan millisi bu gün bizi sevindirəcək".
Bu sözləri offsideplus.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Ruslan Qurbanov deyib.
O, millimizin Belarusla bu gün Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda keçirəcəyi oyun haqda bunları danışıb:
"Maraqlı oyun olacaq. Belarus millisinin heyətində yaxşı futbolçular var. Yığmadan müsbət nəticə gözləyirəm. Uşaqlara uğurlar arzulayıram".
Qurbanov yenidən Azərbaycan millisinə dəvət alacağı halda hansı qərarı verəcəyi sualına da belə cavab verib.
"Təbii ki, geri qayıtmaq istərdim, amma artıq buna ehtiyacım olduğunu düşünmürəm. Hər şeyi zaman göstərəcək".
30 yaşlı hücumçu Belarusun "Slaviya" ( Mozır ) klubundan ayrılmağının səbəbini də açıqlayıb:
"O komandanın baş məşqçisi mənim saqqal saxlamağıma və dinlə məşğul olmağıma pis baxırdı. Buna görə də ayrılmaq qərarına gəldim. Futboldan uzaqlaşaram, amma dinimdən əsla dönmərəm. İcazə vermərəm ki, kimsə islamı dini haqda mənfi fikirlər danışsın".
Təcrübəli futbolçu karyarasını harada davam etdirəcəyi barədə də bunları söyləyib:
"Klub tapa bilməsən Rusiyaya gedəcəm. Orada tanışlarım var".
Ruslan Azərbaycandan təklif aldığını da deyib:
"Azərbaycandan təkliflər olub. Bu məsələ barədə menecerim məşğul olur. Zamanla hər şey bilinəcək".