ƏDV güzəştinin müddəti bitir: Çörəyin qiyməti bahalaşacaq? – AÇIQLAMA
Azərbaycanda çörək istehsalına tətbiq edilən ƏDV güzəştinin müddəti başa çatmaq üzrədir. Güzəştin yanvarın 1-dən dayandırılması çörəyin qiymətinə təsir göstərə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, hazırda Azərbaycanın yerli buğda tədarükü daxili tələbatın təxminən 70 faizini qarşılayır.

“2021-ci illə müqayisədə 2026-cı ildə buğda tədarükündə artım qeydə alınıb. 2025-ci illə müqayisədə isə artımın 30 faizə yaxın olduğu bildirilir. Hazırda Azərbaycanda buğda əkilən əkin sahələrinin ümumi ərazisi 400 min hektara yaxındır”.
İqtisadçı qeyd edib ki, xüsusilə ərzaqlıq buğda istehsalı ilə məşğul olan təsərrüfatlara müxtəlif güzəştlər tətbiq edilir:
“Azərbaycan hökumətinin strateji hədəflərindən biri daxili bazarın ərzaqlıq buğdaya olan tələbatının 80-90 faizini yerli istehsal hesabına təmin etməkdir. Lakin bunun yaxın illərdə reallaşması real görünmür. Azərbaycan hələ də xarici ölkələrdən ildə təxminən 1,5 milyon ton ərzaqlıq buğda idxal edir”.
R.Abbasbəylinin sözlərinə görə, 2025-ci ildə buğda idxalında ciddi azalma müşahidə olunmayıb. Onun fikrincə, 2024, 2025 və 2026-cı illərdə idxalın azalması ilə bağlı da real göstərici yoxdur.
İqtisadçı bəzi hallarda Dövlət Statistika Komitəsi ilə Dövlət Gömrük Komitəsinin idxalla bağlı açıqladığı rəqəmlər arasında fərqlər olduğunu da vurğulayıb:
“Məsələn, statistika məlumatlarında 900 min ton buğdanın idxal edildiyi göstərildiyi halda, Qazaxıstan və Rusiyanın gömrük orqanlarının açıqladığı rəqəmlər idxalda azalma olmadığını göstərir. Reallıq ondan ibarətdir ki, Azərbaycan daxili imkanlar hesabına buğdaya olan tələbatını hələ tam təmin edə bilmir”.
R.Abbasbəyli hesab edir ki, bu amillər nəzərə alınaraq çörək istehsalına tətbiq edilən ƏDV güzəştinin müddəti daha üç il uzadıla bilər:
“Hazırkı şəraitdə çörəyin qiymətinin bahalaşması arzuolunan deyil. Hesab edirəm ki, dövlət bu vəziyyəti nəzərə alaraq ƏDV güzəştinin müddətini daha üç il artıracaq. Bu halda çörəyin qiymətində artımın baş verməsi gözlənilmir. Oktyabr, noyabr və dekabr aylarında isə çörəyin bahalaşacağını düşünmürəm”.
Aynurə İsmayıl