"Yunan dedi ki, səni udacağımı gözləmirdim" - Məmmədəli Mehdiyev
"Yunan dedi ki, səni udacağımı gözləmirdim" - Məmmədəli Mehdiyev
Bolqarıstanda keçirilən cüdo üzrə Avropa çempionatında bürünc medal qazanan kişilərdən ibarət Azərbaycan yığmasının 90 kiloqram çəki dərəcəsindəki üzvü Məmmədəli Mehdiyevin Fanat.Az-a müsahibəsi
- Məmmədəli, bu, Avropa çempionatlarında üçüncü bürünc medalındır. Ancaq əvvəlki qitə çempionatlarından fərqli olaraq, bu dəfə yarış öncəsi daha iddialı təsir bağışlayırdın. Dünyanın 2, bu yarışın isə 1 nömrəsi idin. Belədə, "bürünc"ü qazandığını yox, "qızıl"ı itirdiyini söyləmək olar?
- Bəli. Yanvar ayından bu yana fasiləsiz məşqlərə gəlib, maksimum səy göstərmişdim ki, Avropa çempionu olum. Ancaq qızıl medala köklənmişdim. Bəlkə də bu qədər iddialı, həvəsli olmağım əks-effekt verdi. 1/4 finalda uduzduqdan sonra çox pis olmuşdum. Amma sağ olsun məşqçilər, məni psixoloji cəhətdən digər iki görüşə hazırladılar. Sevinirəm ki, ən azından medalsız qalmadım. Yoxsa daha pis olardım.
- Uduzduğun yunanıstanlı idmançı ilə bunadək yarışlarda yolun kəsişməmişdi. Dünya reytinqində 99-cu sırada yer alan Tselidislə görüşdə məğlubiyyətin səbəbi nə oldu?
- Yorğunluq sözünü dedi. Həmin idmançı sonra mənə dedi ki, səni udacağımı gözləmirdim. Soruşdu ki, niyə belə oldu? Dedim, yorğun idim.
- Yorğunluğun səbəbi nə idi?
- Ola bilsin ki, lazım olduğundan çox məşq etmişəm. Üstəlik, çəkisalma da mənə yaxşı təsir etməmişdi. Mən 100-101 kilodan çəki salıram.
- Çəki salmamaq üçün ola bilər ki, qarşıda bəzi yarışlarda 100 kiloqramda mübarizə aparasan?
- Xeyr. Paris Olimpiadasınadək 90 kiloqramda çıxış edəcəyəm. Ondan sonra 100-ə keçərəm.
- Deməli, Paris-2024 son olmayacaq...
- Belə getsə, xeyr (gülür).
- Bu Avropa çempionatı Rixard Trautmanın rəhbərliyi altında yığmanın qatıldığı ilk böyük yarış idi. Fikrincə, yeni baş məşqçi komandaya necə təsir edib?
- Çox gözəl, effektli məşq metodu var. Olduqca təcrübəli, savadlı mütəxəssisdir. Komandada əla əhval-ruhiyyə yaradıb. Mən inanıram ki, Azərbaycan cüdosu bu məşqçi heyəti ilə qarşıda çox uğurlar qazanacaq, yeni tarixlər yazılacaq.
- Bu ilin təqvimində İslam Həmrəyliyi Oyunları, ardınca isə dünya çempionatı var. Sözügedən yarışlarla bağlı hədəflərin nədir?
- Ola bilər ki, İslam Oyunlarını buraxım. Əsas hədəf dünya çempionatıdır. Lakin son qərarı baş məşqçi verəcək. O, nə desə, o da olacaq.
Sahib Əsədbəyli