Mahir Emreli üçün il bitdi - SƏBƏB
Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Legiya”nın 2021-ci ildəki son oyununu da buraxacaq.
AzxeberSport xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Bildirilib ki, Plotsk “Visla”sı ilə matçdan sonra azarkeşlərin hücumuna məruz qalaraq başından xəsarət alan Emreli hələ də komanda ilə birlikdə məşq etmir. “Zaqlebye” ilə görüşü buraxmalı olan 24 yaşlı forvardın XIX tur çərçivəsində dekabrın 19-da “Radomiak Radom”la ev matçında da meydana çıxmayacağı vurğulanıb.
Qeyd edək ki, “Legiya” hazırda 15 xalla turnir cədvəlinin 15-ci pillədə qərarlaşıb. Emreli “Legiya”nın heyətində bütün turnirlərdə keçirdiyi 33 oyunda 11 qol vurub, 2 məhsuldar ötürmə verib.