Zooparkdakı qiymətlər etirazla qarşılandı - Keçmiş deputat: "Çox deyilmi cənablar?"
Bu gün Bakı Zooloji Parkı qapılarını ziyarətçilərə açıb.
Azia.az-ın "report"a istinadla məlumatına görə, parkın icraçı direktoru Nəzakət İsayeva jurnalistlərə bildirib ki, burada kassalar hər gün səhər saat 10-dan axşam 17:30-a kimi açıq olacaq. Onun sözlərinə görə, bu gün isə kassalar 15:00-dan açılacaq. Biletlərin qiyməti böyüklər üçün 5 manat, kiçiklər üçün 2 manat, şəhid ailələri üçün pulsuz, qazilər və övladları, I-II-III qrup Vətən müharibəsi əlilləri, şagird və tələbələr üçün güzəştli olacaq. Həmçinin 3 yaşa qədər uşaqlar isə pulsuz yararlana biləcəklər.
İcraçı direktor əlavə edib ki, zooparkın ərazisindəki qapalı məkanlara, akvaterrariuma və restoranlara girişdə COVID-19 pasportu tələb olunacaq.
Qeyd edək ki, sosial şəbəkələrdə zooparka giriş üçün qoyulan yeni qiymətlər narazılıqla qarşılanıb. Paytaxt sakinləri hesab edirlər ki, bu, uşaqları ilə zooparkı ziyarət etmək istəyən valideynlər üçün baha başa gələcək.
Keçmiş deputat Etibar Hüseynov da özünün feysbuk hesabında bahalığa etiraz edib:
"Bakı zooparkını gözəl təmir etdilər. Amma "gözəl" də qiymət qoyublar; böyüklər 5, kiçiklər üçün 2 manat. Deməli valideynlər (hələ) 1 uşaqla gedəsi olsa eləyir 12 manat. Çox deyilmi cənablar? İndi sabah gedən olmayanda başlayacaqlar məktəblərdə ekskursiya adıyla pul yığmağa. O boydana "Qənimətlər parkı" 2 manat, "Zoopark" isə 5 manat. Necə deyərlər "Sözsüz". Zoopark bir gəzinti məkanıdır. Biletləri ucuz edib kütləviliyi təmin etməklə zoopark rəhbərliyi heç nə itirmir, əksinə qazanır. Digər tərəfdən, mövsümə uyğun olaraq da qiymətlər fərqləndirilməlidir. Bu qiymətə ora gedə bilən də, 1 dəfə gedəcək. Vəssəlam. Bunu eləsinlər 50 qəpik - 1 manat, qoy il boyu da kalabalık olsun da. 1 gedən 5 də getsin də".