Yeni nazir Azərbaycan millisinin Portuqaliyaya uduzmasına münasibət bildirdi
“Mən futbolu uşaqlıqdan sevirəm. Çalışıram ki, mühüm oyunlara stadiondan baxım. Dünən də milli komandamızın oyununu stadiondan izlədim”.
Azia.az xəbər verir ki, bunu yeni gənclər və idman naziri Fərid Qayıbov deyib.
“Dünənki oyunda çox təəssüf ki, komandamız məğlub oldu. Mən də digər vətəndaşlarımız kimi komandamızın uduzduğuna təəssüflənirəm. İstərdik ki, futbolçularımız daha yaxşı oynasınlar”, - nazir vurğulayıb.
O həmçinin bildirib ki, Azərbaycan futbolu ilə bağlı bir sıra işlər görülüb: “Hesab edirəm ki, bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı Futbol Federasiyası ilə işlərimiz olacaq. Onlarla bu sahə ilə bağlı işlər aparmalıyıq”.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyaya Bakı Olimpiya Stadionunda 0:3 hesabı ilə uduzub.
Nazir Prezident İlham Əliyevin tapşırdığı istiqamətdə ciddi şəkildə işləyəcəklərini bildirib: Tokio Olimpiya Oyunlarında medal qazananlar kifayət qədər təcrübəyə malik olan yaşlı idmançılardır. Dünən Prezident İlham Əliyev məni qəbul edərkən olimpiya oyunlarında gənc idmançılarımızın medal qazana bilməməsinə də toxundu. Mənə bir istiqamət kimi bunu araşdırmağı, təhlil edib müəyyən nəticələr çıxarmağı tapşırdı. Təbii ki, biz bu istiqamətdə ciddi şəkildə işləyəcəyik".
Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsində də işini davam etdirəcəyini qeyd edib: “Bu sualı dünəndən bəri hətta mənə beynəlxalq federasiyalardan da ünvanlayırlar. Biz davam edirik".