azia.az
azia.az

"Mümkün ola biləcək ən güclü rəqiblə düşmüşük" - Nail Kərimov

1-09-2021, 15:09

"Mümkün ola biləcək ən güclü rəqiblə düşmüşük" - Nail Kərimov
"Qəbələ" UEFA Gənclər Liqasında Hollandiya çempionu "AZ Alkmaar"la qarşılaşacaq.

Təmsilçimizin hazırlıq planı, komandadakı dəyişikliklər və sair digər suallarla bağlı "Qəbələ" Futbol Akademiyasının meneceri Nail Kərimova müraciət etdik.

- Püşkü necə dəyərləndirirsiz?
- Yəqin ki, mümkün ola biləcək ən güclü rəqiblərdən biri ilə düşmüşük. Ancaq mənə elə gəlir ki, belə daha yaxşıdır. Güclü rəqiblə oynamaq həmişə əlavə motivasiya, əlavə təcrübə deməkdir. Yəqin ki, bizim uşaqlar da bundan istifadə edəcəklər. İki-üç il əvvəl Almaniya çempionu "Herta Berlin"lə oynamışıq. Almanlarla duellərdə ortaya yaxşı oyun, yaxşı mübarizə qoymuşuq. Məqsəd dəyişməyib, yenə sona qədər mübarizə və məzmunlu oyun göstərməyə çalışacağıq.

- Çempion olan heyətdə dəyişiklik olub?
- Komandada böyük dəyişiklik yoxdur. Demək olar, keçən il çempion olan heyəti qorumuşuq. Bir-iki futbolçu ayrılıb, onların da yerini akademiyamızın aşağı yaş qrupundan gələn uşaqlarla doldurmuşuq. Üstəlik, heyətin bir neçə üzvü artıq uzun müddətdir əsas komandaya cəlb olunub, məşqlərdə iştirak edir. Təxminən beş-altı 2002-2003-cü il təvəllüdlü futbolçumuz əsas komanda ilə hazırlıq keçirlər. Baş məşqçimiz Elmar Baxşıyev onlardan kimləri məsləhət bilsə, Gənclər Liqasında oynayacaqlar.

- U-19-un baş məşqçi postunda dəyişiklik olub. "Qəbələ"ni Gənclər Liqasına kim aparacaq?
- Komandanı "AZ Alkmaar"la oyunlara əvəzedici komandanın baş məşqçisi Famil Xəlilov çıxaracaq. Bu uşaqlar onun rəhbərliyi altında çempion olublar. İndi də əksəriyyəti "Qəbələ-2"-dədir. Ona görə də komandanı Gənclər Liqasına U-19-un yox, əvəzedicilərin baş məşqçisi çıxaracaq.

- Turnir üçün hazırlıq planı tərtib olunub?
- Gənclər Liqası üçün xüsusi plana ehtiyac yoxdur. Çünki 13 gün sonra əvəzedici komandamız I Divizionda çempionata start verəcək. Komandamız avqustun 1-dən hazırlığa başlayıb. Çempionata hazırlaşırmışıq kimi, adi qaydada məşqlər və yolxama oyunları ilə kifayətlənəcəyik. Bugünlərdə əsas komanda ilə yoxlama oyunu keçirmişik. Çox güman, qarşıdakı günlərdə daha bir oyun təşkil olunacaq. Ancaq kiminlə və nə vaxt olacağını hələ dəqiqləşdirməmişik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi