azia.az
azia.az

"Zirə"nin qapıçısı: "Bizi “Keşlə” və “Qəbələ” ilə gərgin oyunlar gözləyir"

24-09-2019, 11:22

"Zirə"nin qapıçısı: "Bizi “Keşlə” və “Qəbələ” ilə gərgin oyunlar gözləyir"
"Zirə"nin qapıçısı Boyan Zoqoviç Premyer Liqanın V turunda evdə "Qarabağ"a uduzduqları (1:3) oyundan sonra brifinq keçirib.

"Report" xəbər verir ki, 30 yaşlı monteneqrolu qolkiper öncə oyun barədə danışıb:

- Nəticə “Zirə” üçün yaxşı olmadı. Rəqibimiz Avropa Liqasında mübarizə aparan komanda idi. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Çünki bizi “Keşlə” və “Qəbələ” ilə gərgin oyunlar gözləyir.

- Fasilədən sonra göstərdiyiniz oyunu niyə ilk hissədə sərgiləyə bilmədiniz?

- Nəzərə çarpacaq amil idi. Üç qolu demək olar, heç nədən buraxdıq. Növbəti günlərdə oyunu analiz edib, məşqçilərimizlə səhvlərin üzərində işləyəcəyik.

- Bu gün “Zirə” “Qarabağ”ın adından çəkindi?

- Xeyr, qorxu deyildi. Futbolda hər iki komandada 11 futbolçu olur. Öz oyunumuzu sərgiləməyə çalışdıq. Təbii ki, rəqib “Qarabağ” idi. Növbəti oyunları uda biləcəyimizə ümid edirəm.

- “Qarabağ” maksimum göstərici ilə liderdir. Digər komandaların 2-ci yer uğrunda mübarizə aparacağını düşünmək olar?

- “Qarabağ” həqiqətən Azərbaycanın ən güclü komandasıdır. Bəlkə də digər yeddi klubun səviyyəsi müəyyən qədər bir-birinə yaxındır. “Qarabağ” digər səviyyədə olan klubdur. Bizim öz oyun tərzimiz var. “Sabah” və “Neftçi”yə qarşı layiqli mübarizə aparmışdıq. Növbəti oyunlarda da eynisini göstərməyə çalışacağıq.

- Bu mövsüm sizin meydanda olduğunuz iki oyunda “Zirə” uduzub.

- Bəli (gülür). Səbəbini bilmirəm ki, nədən irəli gəlir. Bu barədə nə deyəcəyimi bilmirəm.

- “Qarabağ”ın qapıçısı Asmir Beqoviç barədə nə söyləyə bilərsiniz?

- Yaxşı münasibətim olan qapıçılardan biridir. İngiltərə Premyer Liqasında çıxış etmiş qolkiperdir. Olduqca təcrübəlidir. Yəqin onunla sabah oyunla bağlı fikirlərimizi bölüşərik. İlk dəfədir, Azərbaycandadır. Mənə dedi ki, “Zirə”nin stadionun ot örtüyü çox yaxşı və ürəyəyatandır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi