Azərbaycan cüdoçuları Ermənistana qalib gəldi
Rusiyanın paytaxtı Moskvada usta cüdoçular arasında beynəlxalq turnir keçirilib. Modern.az xəbər verir ki, 15-ci dəfə təşkil olunan nüfuzlu yarışda Rusiya, Yunanıstan, İspaniya, Gürcüstan, Ermənistan, Belarus, Monqolustan, Qırğızıstan, Tacikistan, Özbəkistan idmançıları ilə yanaşı, Azərbaycanın veteran cüdoçuları da mübarizə aparıblar.
1/8 finalda Ermənistan komandasını 5:0 hesabı ilə məğlub edən usta cüdoşularımız 1/4 finalda Qırğızıstana 5:0, 1/2 finalda isə Tacikistan millisinə 3:2 hesabı ilə qalib gələrək finala çıxıblar. Finalda meydan sahibləri Rusiya komandasına 2:3 hesabı ilə uduzan millimiz beynəlxalq turnirin gümüş medalını qazanıb.
Belarus və "RROS Qvardiya" komandaları bürünc medallara sahib olublar. Sonda yarışın mükafatçılarına kuboklar, medallar və diplomlar təqdim edilib.