Bakıda “Uber”in 7 sürücüsü narkotikə görə tutuldu - VİDEO
Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil edən “Uber” taksi şirkətinin 7 sürücüsü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində narkotik vasitələrin satışını həyata keçirən əvvəllər məhkum olunmuş “Uber” taksi şirkətinin sürücüsü Anar Kəlbiyev qısa zamanda ifşa edilərək saxlanılıb. Onun üzərindən, avtomobilindən və Abşeron rayonunda yaşadığı evdən külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin narkotiklərin satışı zamanı istifadə etdiyi plastik kart aşkar olunub.
İlkin sorğu zamanı Anar Kəlbiyev narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçiriləndən sonra əldə etdiyini və şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinə çatdırmaq məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirib. Onun bu məqsədlə xaricdə yaşayan şəxsiyyəti istintaqla araşdırılan narkotacirlə mütəmadi olaraq əlaqə saxladığı da həyata keçirilən texniki tədbirlərlə sübuta yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Anar Kəlbiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Baş İdarə əməkdaşları tərəfindən son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan “Uber” taksi şirkətinin ümumilikdə 7 sürücüsü saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslərdən 20 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkar olunub.
Bu şəxslərin daxil olduqları şəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.