Binə Ticarət Mərkəzindən 295 min manatlıq oğurluq edənlər hökmdən narazıdırlar
Ali Məhkəmədə oğurluqda təqsirləndirilən Əziz Abbasov və Əfrail Abbasovun barələrindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası 2023-cü ilin fevral ayının 7-nə təyin edilib.
İttiham aktına görə, hər iki şəxs paytaxtın Binə Ticarət Mərkəzində yerləşən 7 mağazadan 295 401 manatlıq oğurluq ediblər.
Hadisə 2021-ci ilin yanvar ayında qeydə alınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əziz Abbasov 8 il və Əfrail Abbasov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellellyasiya Məhkəməsinin qərarına əsasən, onların apellyasiya şikayətləri təmin olunmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü məhkum Əziz Abbasova münasibətdə dəyişdirilib.
Belə ki, Əziz Abbasov barəsində Cinayət Məcəlləsinin 67.1-ci (Hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilsin və üzərində 7 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.