azia.az
azia.az

Kassasiya şikayətləri ilə bağlı Mülki Prosessual Məcəlləyə dəyişikliklər açıqlandı

9-09-2021, 19:28

Kassasiya şikayətləri ilə bağlı Mülki Prosessual Məcəlləyə dəyişikliklər açıqlandı
Kassasiya şikayətləri ilə bağlı Mülki Prosessual Məcəlləyə dəyişikliklər açıqlanıb.

E-huquq.az bu barədə Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyevin yazısını təqdim edir:

1. Qətnamələr üzrə:

a) Əvvəl kassasiya şikayəti mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olmayan əmlak xarakterli iddialar üzrə qətnamələrdən verilirdi;

b) Dəyişiklikdən sonra mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan (yəni 5.000 manat və daha çox), kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olmayan (yəni 10.000 manat və daha çox) əmlak xarakterli iddialar üzrə qətnamələrdən verilə biləcəkdir.

Göründüyü kimi, dəyişiklik 2 müstəvidə edilmişdir. 1) kommersiya işləri üzrə hədd dəyişməsə də, mülki işlər üzrə 2000 manatdan 5000 manatadək qaldırılmışdır 2) Həm mülki, həm də kommersiya işləri üzrə müəyyən edilmiş bu hədd əvvəlki redaksiyada verilmiş iddianın qiymətinə bağlı idisə, yeni redaksiyada bu mübahisələndirilən hissə ilə məhdudlaşacaqdır.

2.Qərardadlar üzrə:

a) Əvvəl kassasiya şikayəti apellyasiya instansiyası məhkəmələrinin apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından və birinci instansiya məhkəmələrinin işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan verilə bilirdi

b) Dəyişiklikdən sonra isə apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, iş üzrə icraata xitam verilməsi və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında, habelə birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardadlardan verilməsi mümkün olacaqdır.

Göründüyü kimi, dəyişikliyə əsasən kassasiya şikayəti verilkməsi mümkün olan qərardadlara kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında, habelə birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından verilən şikayətin qaytarılması haqqında qərardadlardan şikayətin verilməsi imkanı nəzərdə tutulmuşdur.

Bununla yanaşı, əgər əvvəllər kassasiya şikayətinin geri qaytarılmasına dair bütün qərardadlardan kassasiya şikayəti vermək imkanı var idisə, dəyişikliklərin qüvvəyə minməsindən sonra kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallarda mümkün olmayacaqdır.

II. KASSASİYA ŞİKAYƏTİNƏ DAİR TƏLƏBLƏR VƏ ONUN GERİ QAYTARILMASININ ƏSASLARI DƏYİŞDİRİLMİŞDİR.

1. Kassasiya şikayətinin forma və məzmunu ilə bağlı aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:

a) MPM-ə Kassasiya şikayətinin təsdiq edilmiş forması əlavə edilmişdir. 1 oktyabr 2021-ci il tarixindən bütün kassasiya şikayətləri məcəlləyə əlavə edilmiş bu formaya uyğun şəkildə tərtib edilməlidir;

b) Kassasiya şikayətində əvvəlki redaksiyadan fərqli olaraq əlavə olaraq şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) ilə yanaşı şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatların, yaşayış yeri və ya olduğu yerlə yanaşı (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı, yazışmaların aparılmasının istənildiyi digər ünvanın qeyd edilməsi tələb olunur;

c) Kassasiya şikayətində məhkəmə aktının konkret olaraq hansı hissədə mübahisələndirildiyi qeyd edilməli, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir.

d) Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə, habelə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər kassasiya şikayətinin formasında qeyd edildiyi tərzdə göstərilməlidir;

2. Kassasiya şikayətinin geri qaytarılması əsasları ilə bağlı MPM-ə aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:

a) Əvvəllər kassasiya şikayəti vermək hüququ olmayan şəxsin (yəni iş üzrə tərəf olmayan şəxs tərəfindən verilən şikayət və s.) şikayəti faktiki olaraq geri qaytarılsa da, lakin bunun hüquqi əsası mövcud deyildi. MPM-ə edilən əlavələrdə bu əsas artıq nəzərdə tutulmuşdur;

b) Kassasiya şikayətinin MPM-in 402 və 407.1-ci maddəsində nəzərdə tutulmuş forma və məzmunla bağlı tələblərinə riayət edilməməmsi şikayətin geri qaytarılması üçün əsasdır. Yəni, kassasiya şikayətinin MPM-ə əlavə edilmiş formaya uyğun şəkildə tərtib olunmaması və məzmunu ilə bağlı əvvəlki və yeni tələblərə riayət edilməməsi 01 oktyabr 2021-ci il tarixindən kassasiya şikayətinin geri qaytarılması üçün əsas olacaqdır;

c) “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə baxılmış işlərdən kassasiya şikayətləri elektron formada verilmədikdə şikayət geri qaytarılacaqdır.

DƏYİŞİKLİKLƏRİN MƏTNİ:

1.127. 402-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər:

402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;

402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında;

402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə;

402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;

402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.”;

1.128. 403-cü maddə üzrə:

1.128.1. 403.1-ci maddədə “Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından” sözləri “Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan” sözləri ilə əvəz edilsin;

1.128.2. 403.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“403.2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir.”;

1.128.3. aşağıdakı məzmunda 403.2-1 – 403.2-3-cü maddələr əlavə edilsin:

“403.2-1. Ərizə Ali Məhkəmənin sədri tərəfindən işin materialları ilə birgə öyrənilməsi və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və ya qərardadlarından işdə iştirak etməyə cəlb olunmayan şəxslərin kassasiya şikayətinin verilməsi üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və ya Kommersiya kollegiyalarına verilir.

403.2-2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsi mülki və ya kommersiya kollegiyalarına daxil olan 3 hakimdən ibarət məhkəmə tərkibi tərəfindən məhkəmə baxışı keçirilmədən araşdırıldıqdan sonra, ərizəsinin təmin və yaxud rədd edilməsi barədə qərardad qəbul edilir.

403.2-3. Məhkəmə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsinin təmin olunmasına dair qərardad qəbul etdikdə, ərizəyə əlavə edilmiş kassasiya şikayətini bu Məcəllənin 407 – 409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir.”;

1.129. 403-1-ci maddə üzrə:

1.129.1. 403-1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“403-1.5. Şikayətin surəti birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar.”;

1.129.2. 403-1.6-cı maddəyə “şikayətlərə” sözündən sonra “və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə” sözləri əlavə edilsin;

1.129.3. 403-1.8.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 403-1.8.3-cü maddə əlavə edilsin:

“403-1.8.3. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər.”;

1.129.4. 403-1.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən:

403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər;

403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.”;

1.129.5. aşağıdakı məzmunda 403-1.10-cu maddə əlavə edilsin:

“403-1.10. Bu Məcəllənin 403-1.8-ci və 403-1.9-cu maddələrinə uyğun olaraq çıxarılmış qərar işdə iştirak edən şəxslərə qəbul edildiyi gündən 3 gün müddətində sifarişli məktubla göndərilməli və yaxud qəbz alınmaqla təqdim edilməlidir.”;

1.130. 404-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması

404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
404-1.3. kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olduqda kassasiya instansiyası məhkəməsi şikayətin geri qaytarılması barədə qərardad qəbul edir.”;

1.131. 407-ci maddə üzrə:

1.131.1. adına “şikayətinin” sözündən sonra “forması,” sözü, “məzmunu” sözündən sonra “və əlavə edilən sənədlər” sözləri əlavə edilsin;

1.131.2. 407.1-ci maddədə “Kassasiya” sözü “Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya” sözləri ilə əvəz edilsin;

1.131.3. 407.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;”;

1.131.4. 407.1.4-cü maddəyə “tələbi,” sözündən sonra “məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi,” sözləri, “ibarət olması” sözlərindən sonra “, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması” sözləri əlavə edilsin;

1.132. 408-ci maddə üzrə:

1.132.1. 408.1-ci maddəyə “hallarda” sözündən sonra “apellyasiya instansiyası məhkəməsi tərəfindən” sözləri əlavə edilsin;

1.132.2. 408.1.1-ci maddədə “407.1-ci maddəsinin” sözləri “402-ci və 407.1-ci maddələrinin” sözləri ilə əvəz edilsin və həmin maddəyə “imzalanmışsa” sözündən sonra “, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə” sözləri əlavə edilsin.

1.132.3. 408.1.2-ci maddə ləğv edilsin;

1.132.4. 408.1.6-cı maddə aşağıdakı redaksiyada verilsin və aşağıdakı məzmunda 408.1.7-ci maddə əlavə edilsin:

“408.1.6. kassasiya şikayəti işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa;

408.1.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə.”;

1.132.5. 408.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“408.2. İşin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət bu maddədə nəzərdə tutulmuş əsaslarla birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.”;

1.132.6. 408.4-cü maddə ləğv edilsin;

1.132.7. 408.5-ci maddədə “408.1.1—408.1.6-cı” sözləri “408.1.1—408.1.5 və 408.1.7-ci” sözləri ilə əvəz edilsin;


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi