Ağsuda qadın vəzifəli şəxs tərəfindən cinsi istismara məruz qalıb.
Azia.az Lent.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, rayon ərazisində bir qadın naməlum şəxs tərəfindən döyülüb. Xəsarətin dərəcəsi müəyyənləşdirilməkdən ötrü qadın məhkəmə-tibbi ekspertiza patoloji anatomiya birliyinin rayon şöbəsinə göndərilib. Burada o, xəsarətinin daha ağır göstərilməsini istəyib. Bu istək isə cinsi münasibət qarşılığında yerinə yetirilib.
Belə ki, iddialara görə, şöbənin eksperti Z.Hüseynov 27 yaşı olan bu qadına istəyi qarşılığında cinsi münasibət təklif edib. Həmçinin əvəzində təkcə xəsarətin ağır olması deyil, onu həm də şöbəyə işə düzəltmək vədi verib. Beləliklə, ekspert qadınla elə kabinetdə cinsi münasibətdə olub.
Məsələ ilə bağlı qadın polisə şikayət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, qadın tərəfindən Ağsu rayon Polis Şöbəsinə müraciət edilib. Hazırda iddialarla bağlı istintaq araşdırmaları aparılır.