azia.az
azia.az

Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyində köhnə hamam, köhnə tas...

30-09-2016, 12:23

Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyində köhnə hamam, köhnə tas...
Rəhbər dəyişikliyi niyə hiss olunmadı...

Məlum olduğu kimi bir müddət bundan əvvəl Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Şakir Musayev tutduğu vəzifədən azad edilmiş, onun yerinə isə, Ədalət Həsənov direktor vəzifəsinə təyinat almışdır. Maraqlıdır ki, bu təyinata qədər Ədalət Həsənov Birliyinin direktor müavini vəzifəsində çalışıb. Niyə maraqlıdır? Ən azından ona görə ki, Şakir Musayevin dövründə bu müəssisənin fəaliyyətində müşahidə olunan bütün nöqsanlara görə keçmiş direktor kimi onun müavini də məsuliyyət daşıyıb. Bəzi məqamlarda isə, Ədalət Həsənovun məsuliyyəti hətta direktordan da artıq olub. Bu barədə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəhbərliyində həyata keçirilmiş dəyişikliyin əsalində heç bir əhəmiyyət kəsb etmədiyini bildirən mənbələr xəbər verirlər. Etiraf etmək lazımdır ki, son vaxtlar Birliyin vətəndaşların hüquqlarını pozan bir quruma çevrilməsi barədə iddialara ən müxtəlif instansiyalara, o cümlədən ölkə mətbuatına təqdim olunan məlumatlarda kifayət qədər rast gəlinir. Açıqlamalarda bildirilir ki, Birliyin ekspertləri bir çox hallarda nədənsə tam, dolğun, arqumentləşdirilmiş və elmi əsaslandırılmış obyektiv rəy vermirlər.

Qeyd edək ki, Azərbaycanda məhkəmə ekspertiza fəaliyyəti qanunvericilik aktları ilə və ilk növbədə “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunla tənzimlənir. Qanunda birbaşa göstərilir ki, məhkəmə ekspertizası fəaliyyəti müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə ekspertizası idarəsi tərəfindən həyata keçirilir. Bu işlər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin səlahiyyətindədir. Birlik Səhiyyə Nazirliyi nəzdində dövlət ekspertiza idarəsi kimi fəaliyyət göstərir. Birliyin məhkəmə tibb ekspertləri ekspertizanın icrasında müstəqildirlər. Yəni Birliyin ekspertlərinin hüquq-mühafizə və istintaq-məhkəmə orqanlarından hər hansı bir asılılığı və inzibati tabeçiliyi yoxdur. Məhkəmə-tibb ekspertlərinin ekspertizanı təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və rəyin nəticəsində maraqlı olan digər şəxslərdən hər hansı bir formada asılılığı yoxdur. Qanunda birbaşa qeyd olunub ki, ekspertizanın icrası zamanı ekspertizanın gedişinə və onun obyektivliyinə xələl gətirə biləcək müdaxilə və təzyiq göstərən istənilən vəzifəli şəxs, o cümlədən dövlət ekspertiza idarəsinin rəhbəri qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyəti daşıyır. Həmçinin ekspert də qəsdən yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Lakin təəssüflər olsun ki, bu qanunlara heç də həmişə nə ekspertlər, nə də Birliyin rəhbərliyi tərəfindən əməl olunmur. Bu səbəbdən də, son illər Birliyin fəaliyyəti ilə bağlı insanlarda mənfi ictimai rəy formalaşıb.


Eyni zamanda da, bir müddət əvvəl Birliyin bəzi şöbələrində üzə çıxarılan hüquq pozmaları və bu xüsusda həyata keçirilən həbslər də vətəndaşlarda bu quruma olan inamı bir qədər də azaldıb. Təbii ki, yaranmış vəziyyətdə, duruma təcili müdaxilə olunması, əməli tədbirlər görülməsi zəryrəti meydana gəlmişdi. Bu baxımdan Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktorunun vəzifədən alınması da başa düşülən və hətta gözlənilən bir addım oldu. Lakin həmin posta olan yeni təyinat insanların çaşqınlığını bir qədər də artırmış oldu. Əgər birliyin fəaliyyətini bundan sonra Ədalət Həsənov yönləndirəcəksə, bu zaman aparılmış kadr islahatının mənası, əhəmiyyəti nədən ibarətdir? Redaksiyamıza bu barədə açıqlama verən əksər mənbələrin rəyinə görə, Birliyin ekspertlərinə təsir göstərilməsi, qərəzli, bu və ya digər tərəfin marağını təmin edən, qeyri-obyektiv rəylərin verilməsi xüsusunda indiyədək Ədalət Həsənovun “xidmətləri” heç də keçmiş direktordan az olmayıb. Və bu şəxs indi artıq Birliyin bütün fəaliyyətinə nəzarət etmək imkanı əldə edib. Belə qənaətə gəlmək olur ki, Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin fəaliyyətinə dair ictimai rəyin müsbətə doğru dəyişməsini hələ çox gözləməli olacağıq...

Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi