azia.az
azia.az

Məmur həbslərinin YENİ DALĞASI... - Bu dəfə KİMLƏR HƏDƏFDƏDİR?

19-04-2022, 23:26

Məmur həbslərinin YENİ DALĞASI... - Bu dəfə KİMLƏR HƏDƏFDƏDİR?
Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə yol verən vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks və ardıcıl tədbirlər davam etdirilir. Bu dəfə Göyçay Rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov saxlanılıb. Yayılan məlumatlarda icra hakimiyyətində yol verilmiş bəzi qanun pozuntularında R.Şükürovun əli olduğu qeyd olunur. Şükürovun tutduğu vəzifə rayonda inzibati ərazi dairələri üzrə nümayəndəliklərdən ən böyüyü və daha mühümüdür.

Bu vəzifənin yaratdığı imkanlara uyğun olaraq şəhər rəhbəri rayon mərkəzində yerləşən bələdiyyələrlə, Göyçay şəhərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, sahibkarlar və digər təşkilatlarla “qarşılıqlı fəaliyyəti” gücləndirib. Göyçayda işləyən, bura sərmayə qoyan kiçik və orta sahibkarlar, kənd təsərrüfatı məhsullarının istehsalçıları və onların satışını həyata keçirən şəxslər, həmçinin şəhər sakinləri Şükürov barədə dəfələrlə şikayətlərini dilə gətiriblər. Bu barədə mediada da kifayət qədər faktlar işıqlandırılıb. "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə “Şərq”ə açıqlamasında deyib ki, biz ayrı-ayrı yüksək və ya aşağı vəzifəli məmurların həbsini görürük. Lakin dünya təcrübəsi də göstərir ki, korrupsiyaya qarşı mübarizə sistemli və institutlaşmış formada aparıldıqda yüksək nəticələr əldə etmək mümkün olur:

“Həbslər, vəzifədən kənarlaşdırmalar bir daha onu göstərdi ki, ölkədə siyasi iradə var. Korrupsiyaya qarşı mübarizəni effektiv etmək üçün həm preventiv üsullardan istifadə etmək, önləyici tədbirlər, sistem dəyişiklikləri həyata keçirilməlidir, həm də korrupsionerlərin həbsi vacibdir. Amma sadəcə, inzibati tədbirlərlə kifayətlənmək olmaz. Ölkədə anti korrupsiya mədəniyyətini təkmilləşdirmək lazımdır. Nə qədər ki, insanlarımız korrupsiyanın oğurluq olduğunu dərk etməyiblər, biz bu kimi faktlarla çox qarşılaşacağıq. Yəni biz bu cür həbslərə ayrı-ayrı fərdlər yox, hadisələr və əməllər baxımından yanaşmalıyıq”.

Fond prezidentinin sözlərinə görə, bir çox məmurlar yerli icra hakimiyyətləri haqqında əsasnamədə müəyyənləşdirilən hüquq və vəzifələrinin öhdəsindən gələ bilmirlər, məsuliyyətlərini itiriblər. İnandırım sizi ki, həbs olunan şəxslər ölkəmizdə vəzifə səlahiyyətlərini aşan və rüşvət alan, insanların haqqını yeyən insanların yüzdən biridir. Son illər ölkəmizdə korrupsiyaya qarşı mübarizənin geniş vüsət aldığını vurğulayan Ə.Nuriyev bu məsələnin hökumətin əsas prioritetlərindən biri olduğunu deyib:

“Korrupsiya cinayətində təkcə icra qurumları yox, dövlətin nəzarətedici qurumları da məsuliyyət daşımalıdır. İcra nümayəndəsi korrupsiyaya görə həbs olunursa, deməli, nəzarət mexanizmi yaxşı həyata keçirilə bilmir. Ona görə ictimai şuraların yaradılması, ictimai iştirakçılığın bərpa edilməsi, qərar qəbul etmə prosesində vətəndaşların iştirakı çox vacib məsələdir.

Bu həm qərarların keyfiyyətinin artmasına, həm də effektiv icra edilməsinə gətirib çıxara bilər. Bu gün bizim bir çox məmurlar hesab edir ki, qərarları yalnız özləri verməlidirlər, özləri nəticə çıxarıb həll etməlidirlər. Kabinetdə qəbul edilən qərarların ömrü kabinetdən çıxana qədərdir, ondan sonra bitir.

Sovet dövründə ölkədə bir rüşvət-korrupsiya vərdişi formalaşmışdı. İndi ən vacib məsələ anti-korrupsiya vərdişlərinin yaradılmasıdır. Bu proseslərin gücləndirilməsinə, ictimaiyyətdə anti-korrupsiya dünyagörüşünün yaradılmasına ehtiyac var”.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi