Hansı məmurlar həbs ediləcək? – YAP-dan anons
Son günlər antikorrupsiya həbsləri fonunda dövlət başçısı yenidən “kimsə özünü toxunulmaz hesab etməsin” deyib. Bu o deməkdir ki, ölkədə məmur özbaşınalığına, korrupsiyaya qarşı mübarizə davam edəcək. Son günlər həm “Azərxalça”, həm sabiq KİVDF rəhbərinin, ondan əvvəl Cəlilabadın icra başçısının həbsləri bir daha göstərir ki, dövlət büdcəsini sümürənlər gec-tez ələ keçəcəklər. Nəzərə almaq lazımdır ki, torpaqların işğaldan azad edilməsi ilə Azərbaycanın maliyyə xərcləri artıb və hər manatın hesabı aparılacaq. Bu işdə Hesablama Palatasının üzərinə də ciddi yük düşür. Bütün bunlardan hər kəs nəticə çıxarmalıdırmı? Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətidir: “Korrupsiyaya qarşı mübarizədə Prezident İlham Əliyev birmənalı, sərt mövqeyini ortaya qoyub. Azərbaycan Prezidenti bəyan edib ki, heç kim toxunulmaz deyil, korrupsiyaya yol verən, qanunsuzluq edən məmurlar cəzalandırılacaq. Ölkə başçısının son xəbərdarlığı korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin qarşıdakı dövrdə daha da kəskin şəkil alacağını söyləməyə əsas verir. Ona görə də fəaliyyətlərində qanunsuzluqlara, dövlət büdcəsindən öz şəxsi məqsədləri üçün istifadə edib korrupsiyaya yol verən məmurlar bundan nəticə çıxarmalıdırlar. Ölkənin, xalqın rifahını düşünmürlərsə, ən azından öz talelərini düşünsünlər. Korrupsiya ilə məşğul olan istənilən məmuru həbsxana gözləyir. Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində son illər ciddi uğurlar, irəliləyişlər əldə edilib. Bu gün qazanılan uğurlar təkcə ölkə daxilində deyil, bir sıra beynəlxalq qurumlar, xarici ekspertlər tərəfindən də etiraf olunur. Son vaxtlar respublikamızda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da gücləndirilib. Ölkə Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Bu cür tədbirlər davam edəcək”.
Deputat dedi ki, dövlət başçısı tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan vəzifəli şəxslərin dövlət tərəfindən cəzalandırılması davam etdirilir: “Ölkə rəhbəri tərəfindən ictimaiyyət qarşısında dəfələrlə vəzifəli şəxslərə, xüsusilə icra hakimiyyəti başçılarına edilən ciddi xəbərdarlıqlara baxmayaraq, kimlərsə hələ də rüşvət və korrupsiya ilə məşğul olursa, bu, dövlət mənafeyinə zərbə vurmaq, dövlətə və xalqa xəyanət kimi qiymətləndirilir. Korrupsiyaya qarşı mübarizə dövlətin siyasətinə çevrilirsə, bu, həmin dövlətin inkişafıdır, qüdrətlənməsidir, əhalinin dövlətə olan inamıdır. Prezident bütün iclaslarda, tədbirlərdə korrupsiyaya, rüşvətxorluğa qarşı çıxış edir, onun qarşısının alınması üçün tədbirlər görür, tapşırıqlar verir. Ölkədə korrupsiyanın qarşısının alınması üçün xüsusi, böyük bir idarə fəaliyyət göstərir, eləcə də bütün təşkilatlara, vəzifəli şəxslərə korrupsiyaya qarşı mübarizə aparılması ilə bağlı tədbirlər planı hazırlanıb verilib. Bu işlər hazırda da daim davam etdirilir. Dünyada koronavirus səbəbindən iqtisadi böhran yaşanır. Azərbaycanın da iqtisadi həyatına bu vəziyyət təsir göstərir. Nəzərə alsaq ki, Azərbaycana Qarabağda quruculuq işləri üçün böyük maliyyə vəsaitləri qarşıdakı dövrdə lazım olacaq, onda hər bir məmur fəaliyyətində bu məsələləri də nəzərə almalı, dövlət büdcəsinə qənaətlə, həssaslıqla yanaşmalıdır. Bunu etməyənlərin cəzası sözsüz ki, veriləcək”.
Milli Məclisin deputatı Elman Nəsirov isə bildirdi ki, 2018-ci il aprelin 18-də Prezident parlamentdə andiçmə mərasimində islahatların yeni dalğasının anonsunu vermişdi. O zamandan indiyədək ölkədə bütün sahələrdə dərin islahatlar gedir, eyni zamanda rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə davamlı aparılır. Elə sahə yoxdur ki, islahatlardan kənarda qalsın. Bu islahatlar korrupsiya və rüşvətxorluq kimi cəmiyyəti içəridən dağıdan bəlaya qarşı sərt mübarizəni də özündə ehtiva edib və edir: “Cənab Prezidentin məşhur bir ifadəsi var. Prezident deyir: ”Mənim bir amalım var. Güclü dövlət qurmaq və xalqıma ləyaqətlə xidmət etmək". Yəni xalqa ləyaqətlə xidmət etmək cənab Prezidentin dövlətçilik fəlsəfəsinin qayəsini təşkil edir. Bu hər bir məmurun fəaliyyət kredosu olmalıdır, hər bir məmur xalqa ləyaqətlə xidmət etməlidir. Məmur bilməlidir ki, dövlət büdcəsini korrupsiya yolu ilə talamaq, rüşvətxorluqla məşğul olmaq xalqa xidmət yox, xalqa, dövlətə böyük zərbədir, cinayətdir. Cinayətin isə cəzası olur. Bunu Azərbaycanın dövlət başçısı bugünlərdə də hamıya xəbərdarlıq olaraq qeyd edib. Təəssüflə qeyd edək ki, hələ də bəzi məmurlar güman edirlər onların xüsusi imtiyazı var, onlar toxunulmazdır. Cənab Prezident nə qədər belə rüşvətxor korrupsioner məmurlara xitabən söyləyib ki, heç kimin əlahiddə səlahiyyəti, imtiyazı yoxdur. Bütün bunlardan sonra yenə də ayrı-ayrı məmurlar əvvəlki düşüncələrlə yaşayırlarsa, yenə də rüşvət və korrupsiya yolunu seçiblərsə, belə olan vəziyyətdə onların cəzalandırılması labüddür. Son həftələrdə korrupsiya və rüşvətə görə aparılan həbslər də çox ciddi mesajdır ki, cəzalandırma prosesi davam edəcək və rüşvətxorlar, korrupsonerlər canlarını qurtara bilməyəcəklər".
Deputat qeyd etdi ki, Azərbaycanın həyatında yeni dövr başlayıb. Artıq işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması strateji hədəf kimi seçilib: “Prezident Sumqayıta səfəri zamanı dedi ki, onun gün ərzində fəaliyyətinin mərkəzi hissəsi məhz işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı məsələlərə həsr olunur. Təbii ki, həmin ərazilərin bərpası və yenidən qurulması çox böyük maliyyə vəsaitləri tələb edir. Təkcə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. İstisna deyil ki, gələcəkdə daha böyük maliyyəyə ehtiyac olsun. Bu vəziyyətdə də ayrı-ayrı məmurlar yenə də cinayət yolunu seçirlərsə və köhnə korrupsiya əməllərindən əl çəkə bilmirlərsə, onların cəzası daha ağır olmalıdır və ağır olacaq. Belə olan vəziyyətdə ayrı-ayrı məmurlar yenə rüşvət və korrupsiya ilə məşğul olacaqsa, belələri ən ağır cəzaya layiq görülməlidir. Biz xüsusi bir tarixi dönəmdə yaşayırıq. Qarabağın azad olunması nə qədər müqəddəs və böyük vəzifədirsə, onun bərpası, yenidən qurulması növbəti müqəddəs vəzifədir. Bunu nəzərə almamaq, yenə də dövlət büdcəsindən mənimsəmək bağışlanmazdır. Cənab Prezident ona görə sərt mövqeyini ifadə eləyib və xəbərdarlığını edib. Nəticə çıxarılmayacaqsa, yeni həbslər istisna olmayacaq”.