İkibaşlı səhiyyəmizin QEYSƏRİYYƏ TERRORU... - Diqqət, TƏHLÜKƏ!!!
Ana olmaq hər bir qadının arzusudur. Dünyaya sağlam uşaq gətirmək arzusunda olanlara dəstək məqsədilə dövlət tərəfindən xüsusi proqramlar qəbul edilib. Amma bizləri öz sürprizləri ilə təəccübləndirən Azərbaycan səhiyyəsi bu sahədə də fərqlənməyi bacarıb. Apardığımız jurnalist araşdırması nəticəsində elə faktlarla üzləşmişik ki, dəhşətə gəlməmək mümkün deyil. Milli genefondumuza bilavasitə qəsd hesab edilə bilən bu faktlara görə məsuliyyət bilavasitə Səhiyyə nazirliyinin, TƏBİB-in üzərinə düşür. Maraqlıdır ki, illərdir ki, ölkədə davam edən “qeysəriyyə terroruna” bu qurumlar seyrçi mövqedə dayanıblar, şərait yaradıblar.
Apardığımız jurnalist araşdırması nəticəsində məlum olub ki, xəstəxanaların böyük əksəriyyətində uşaq dünyaya gətirmək qeysəriyyə əməliyyatı ilə baş tutur. Demək olar ki, hər 10 doğuşdan 7-8-i məhz qeysəriyyə yolu ilə aparılır. İlk baxışdan adi rəqəmlər kimi görünsə də əslində bu çox dəhşətli statistikadır.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, qeysəriyyə əməliyyatı ən yaxşı halda doğuşların 15 faizini keçməməlidir. Əslində isə qeysəriyyə əməliyyatına yalnız patoloji hallarda üstünlük verilməlidir. Hər hansı patoloji hal baş vermirsə, mütləq şəkildə təbii doğuşa üstünlük verilməli və hamiləlik dövründə ana həkim tərəfindən təbii doğuşa hazırlanmalıdır. Çünki qeysəriyyə doğuşu bir əməliyyatdır və bunun da riskləri və fəsadları var.
Qeysəriyyə kəsiyi əməliyyatı ilə doğulmuş uşaqlar daha çox patologiyalarla qarşılaşırlar. Əməliyyat ilə doğulan uşaqlarda daha çox tənəffüs yolu xəstəlikləri, kəllə-beyin zədəsi, sinir sistemi və həzm prosesinin pozulması hallarına rast gəlinir. Bu körpələr allergik xəstəliklərə daha çox meylli olurlar.
Göründüyü kimi zərurət olmadığı halda doğuşun qeysəriyyə əməliyyatı vasitəsilə həyata keçirilməsi yolverilməzdi8r. Yeni dünyaya gələn körpələrin sağlamlığına təsirsiz ötüşməyən bu əməliyyatın ölkədə bu qədər geniş tətbiq olunması gələcəyimizə indidən atdığımız badalaqdır. Ən zəruuri məqamda tətbiq edilməsinə yol verilən bu əməliyyat xəstəxanalarda adi hal alıb. Daha çox qazanmaq arzusunda olan Azərbaycan səhiyyəsi xalqımızın genefonduna qarşı sanki “Qeysəriyyə terroru” həyata keçirir. Məgər daha çox qazanmaq, varlanmaq üçün xalqın gələcəyini bazar predmetinə çevirmək olarmı? İllərdir davam edən belə dəhşətli hallara qarşı niyə Səhiyyə nazirliyi, TƏBİB bu qədər loyal münasibət sərgiləyir? O hansı səbəbdir ki, dövlət qanunlarını, maraqlarını ayaqlar altına atıb, hətta cənab Prezidentin imzaladığı fərmanı belə heçə sayıb ?
Xatırladaq ki, Prezident İlham Əliyevin "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2013-cü il 25 noyabr tarixli Fərmanına əsasən, qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əməliyyatın qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Üzümü əlaqədar dövlət qurumlarına tutaraq dərhal hərəkətə keçmələrini tələb edirəm. Bu sahəyə bilavasitə cavabdeh olan Səhiyyə nazirliyi, TƏBİB mütləq şəkildə bu cinayətlərə son qoymalı, nəhayət ki, şəxsi maraqlarını deyil dövlətin maraqlarını qoruyaraq “qeysəriyyə terroru”nu durdurmalıdırlar!
Mənbə:My Webpage