azia.az
azia.az

Lənkəranda icra hakimiyyətinin vəzifəli şəxsi cəzalandırıldı - HÖKM OXUNDU

9-03-2022, 12:01

Lənkəranda icra hakimiyyətinin vəzifəli şəxsi cəzalandırıldı - HÖKM OXUNDU
Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafail Alışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Rafail Alışov Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən “Koronavirus (COVID-19)” pandemiyasının yayılmasının qarşısını alınması və onunla mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq Heydər Əliyev Fondu tərəfindən Lənkəran rayonu ərazisində yaşayan, mövcud şəraitlə əlaqədar gəlirlərindən məhrum olmuş aztəminatlı ailələrə göndəriləcək ərzaq yardımının paylanılması üçün Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayan aztəminatlı ailələrin müəyyən edilərək adlı siyahısının tərtib edilməsi barədə Lənkəran şəhər İcra Hakimiyyətindən şifahi tapşırıq aldıqdan sonra xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə edib.

Yəni qohumluq və tanışlıq münasibətlərində olduğu şəxslərin ərzaq payı almasına nail olub, onlar arasında nüfuz qazanmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, maddi təminatı kifayət qədər yaxşı olan qohumları Xəlilov Gülağa Böyükağa oğlu, Həsənov Qulamhüseyn Hacıağa oğlu, Cəfərov Ehtibar Bəhlul oğlu və tanışları Bağırov Elmar Seyidəzim oğlu, Məmmədov Cavanşir Ərəstun oğlu, Makarov Konstantin Konstantinoviç, Cəfərov Əhməd Xudaverdi oğlu, Abıyeva Xəyalə Əli qızının adlarını tərtib etdiyi 21 aprel 2020-ci il tarixli siyahıya daxil edib.

Həmin siyahı əsasında 24 aprel 2020-ci il tarixdə Lənkəran şəhər İcra Hakimiyyətindən təhvil aldığı, Heydər Əliyev Fondu tərəfindən Lənkəran rayonu ərazisində yaşayan aztəminatlı ailələrə paylanılması üçün göndərilmiş, hər birinin qiyməti 71,1 manat olan 25 ədəd ərzaq payını nümayəndəliyin ərazisində yaşayan aztəminatlı ailələrə təqdim etməli olduğu halda, bunu etməyib.

Həmin ərzaq payının 8 ədədini siyahıda adlarını qeyd etdiyi maddi təminatı kifayət qədər yaxşı olan qohumları və tanışlarına paylayıb.

İstintaq orqanı tərəfindən Rafail Alışovun barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə ittiham elan edilib.

Lənkəran rayon Məhkəməsinin hökmü ilə Rafail Alışov 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilib.

Hökmdən narazı qalan Rafail Alışov apellyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv olunmasını, bəraət hökmünün çıxarılmasını istəyib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi