Azərbaycanda şirkət rəhbəri tarixi abidəni sökdü, dövlətə yarım milyon ziyan vurdu — Şok faktlar
“Neon MMMC” MMC-nin direktoru vəzifəsində işləyən Mirfaiq Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mirfaiq Rzayev vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidəsini qəsdən məhv edib.
Belə ki, Mirfaiq Rzayev 19 mart 1998-ci il tarixdə Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində qeydiyyata alınmış “NEON MMMC” MMC-nin (əvvəlki adı “Neon” firması və “Neon-111” MMC) həmin tarixdən direktoru vəzifəsində işləyib.
Mirfaiq Tzayev xalqın milli dəyəri olan Lənkəran şəhəri, Mir-Mustafaxan küçəsi, 4 ünvanında yerləşən “Nizami” adına kinoteatr binası 23 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin Lənkəran şəhər Mədəniyyət və turizm şöbəsinin yerli nümayəndələri tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına verildikdən sonra həmin binanı 30 oktyabr 2014-cü il tarixdə rəhbəri olduğu “NEON MMMC” MMC ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış icarə müqaviləsinə əsasən, 30 aprel 2015-ci il tarixədək icarəyə götürüb.
O, 17 noyabr 2014-cü il tarixdə isə həmin əmlak kompleksini özəlləşdirməklə bu barədə 27 noyabr 2014-cü il tarixdə istifadəyə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 0521676 nömrəli çıxarış və 8 yanvar 2015-ci il tarixdə mülkiyyət hüququna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 0554988 nömrəli çıxarış aldıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında bağlanmış 30 oktyabr 2014 və 17 noyabr 2014-cü il tarixli müqavilələrdə qeyd olunan abidənin sökülməsinin qadağan olunması ilə bağlı birbaşa şərt nəzərdə tutulduğu halda həmin binanın yerində yeni ictimai-iaşə obyekti olan bina tikərək qazanc əldə etmək məqsədilə, qeyd olunan qanunvericiliyin tələblərini pozub.
Mirfaiq Rzayev aidiyyəti qurumlardan müvafiq rəy (icazə) almadan 2014-cü ilin dekabr ayının əvvəlindən başlayaraq istintaqla müəyyən edilməyən şəxslər vasitəsilə həmin binanın söküntü işlərinin aparılmasına başlayıb, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Lənkəran şəhər Mədəniyyət və turizm şöbəsinin və Mədəni İrs şöbəsinin əməkdaşları tərəfindən söküntünün dayandırılması barədə 8 dekabr 2014-cü il tarixli və 11 dekabr 2014-cü il tarixli aktlarla edilən xəbərdarlıqlara məhəl qoymadan söküntünü davam etdirib.
Mirfaiq Rzayev 2014-cü ilin dekabr ayının sonlarınadək dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidəsi olan həmin binanın tamamilə söküntüsünü həyata keçirib, yenidən tikintisi üçün 480718,65 manat vəsait tələb olunan binanı qəsdən məhv edib. O, həmin hərəkətləri ilə tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
İstintaq orqanı tərəfindən Mirfaiq Rzayevin barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Lənkəran rayon Məhkəməsinin hökmü ilə Mirfaiq Rzayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
Ona 1 il sınaq müddəti təyin olunmaqla 2 il 11 ay 28 gün müddətinə şərti cəza təyin olunub.
Hökmdən narazı qalan prokuror Rəfail Bədəlov apelyasiya protesti verib. Prokuror hökmündən Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə və Mirfaiq Rzayevə Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin sanksiyası həddində daha ağır əsas və əlavə cəza təyin edilməklə dəyişdirilməsini xahiş edib.
Təqsirləndirilən şəxs Mirfaiq Rzayev də apelyasiya şikayəti verib. O, əməlində cinayət tərkibi olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan iclasda prokurorun protestinin, təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, prokurorun protesti, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin olunmayıb.
Fariz Məlikli
Demokrat.az