azia.az
azia.az

Bakıda toy yasa çevrildi: Qonaqların gözü qarşısında öldürüldü

8-02-2022, 11:10

Bakıda toy yasa çevrildi: Qonaqların gözü qarşısında öldürüldü
Ötən il martın 14-də saat 20 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Vaqif oğlunun qayınatası tərəfindən bıçaqlanaraq öldürülməsi hadisəsinin təfərrüatları məlum olub.

Faktla bağlı açılmış cinayət işinin istintaqı zamanı "Bolt” taksi xidmətində sürücü işləyən Talehin qayınatası 1964-cü il təvəllüdlü Abdullayev Mehdi Adıgözəl oğlu tərəfindən ikinciyə məxsus evdə qətlə yetirildiyi məlum olub.

Belə ki, hadisə baş verən gün Mehdi Abdullayevin evində oğlunun toy məclisi təşkil edilibmiş. Pandemiya səbəbindən kiçik məclis kimi keçirilən toya gələn Talehin ondan küsmüş 8 aylıq hamilə həyat yoldaşına qarşı davranışı M.Abdullayevi özündən çıxarıb. Qonaqların arasında qızının Taleh tərəfindən təhqir edilməsinə dözməyən kişi mətbəxə keçərək bıçaq götürüb. O, mənzildə qonaqların gözü qarşısında bıçaqla Taleh Mirzəyevin boğazına bir dəfə zərbə endirib. Ağır xəsarət alan şəxs yerindəcə ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə açılmış işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verənlər hadisə günü Talehin Mehdinin evinə gələrək məclisdə iştirak etdiyini, sonra həyat yoldaşı Günayı aparmaq istədiyini və bu zaman onu söyüb təhqir etdiyini bildiriblər.

T.Mirzəyevin anası da zərərçəkmiş şəxs kimi ifadəsində oğlunun çox qısqanc olduğunu bildirib. Daha əvvəl evli olmuş və 3 övladı dünyaya gəlmiş Talehin sonradan həmin qadından ayrılaraq 2019-cu ildə Günay Mirzəyeva ilə evləndiyini bildirən şəxs onların daim mübahisə etdiyini, Talehin həyat yoldaşını tək şəkildə harasa getməyə qoymadığını bildirib. Hətta 2019-cu ildə Talehlə Günayın toyunun səhəri günü xınayaxdı məclisinin aparıcısı məclisdən fotolar paylaşdığı üçün Taleh əsəbiləşərək Günayı evdən qovmaq istəyib və həmin vaxt Günay evdən getməyib.

Qətli törədən Mehdi Abdullayev qızının hadisədən təxminnə 2 ay əvvəl onun evinə qayıtdığını, Talehin hərəkətlərindən bezdiyini, onunla boşanmaq istədiyini deyib. Lakin 14 mart tarixində oğlunun toyu günü gözlənilmədən Taleh gül dəstəsi ilə onlara gəlib və məclisdə iştirak edib. Bundan bir qədər sonra isə o, həyat yoldaşını evinə aparmağa təkid edərək münaqişə yaradıb.

Məhkəmənin hökmü ilə kürəkənini qətlə yetirən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

///Publika.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi