Polislər gələnədək meyitlərin yanında gözləyib - Dəhşətli qətlin detalları
Goranboy rayonunda bacı və qardaşın qətli ilə bağlı bəzi məqamlar məlum olub.
Azia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qarasüleymanlı kəndində yerləşən torpaq sahəsinə görə kəndlilər arasındakı münaqişə yekunda qətllə nəticələnib. Cinayət hadisəsi də elə həmin torpaq sahəsində baş verib.
Kənd sakini, 1965-ci il təvəllüdlü İlham Haqverdiyev həmkəndliləri 52 yaşlı Pərviz Namazov və onun bacısı, 62 yaşlı Səlmini bıçaqlayaraq öldürüb.
Onların öldüyünə əmin olduqdan sonra DİN-in 102 xidmətinə zəng edərək qətl törətdiyi barədə məlumat verib. İ.Haqverdiyev polislər gələnədək bir müddət meyitlərin yanında oturaraq gözləyib.
İlkin dindirmə zamanı İ. Haqverdiyev deyib ki, həmin torpaq sahəsi uzun müddət onların arasında mübahisəli olub.
Bir müddət öncə məhkəmə qərarı ilə torpaq İlhama verilib. Bu gün İ.Haqverdiyev torpaq sahəsinə gəldikləri bacı-qardaşın orada olduğunu görüb və aralarında yaranan mübahisə zamanı maşınında olan bıçaqla onların hər ikisini vurub.
İlham Haqverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.