“Bandotdel” əməliyyat keçirdi - Saxlanılanlar var - FOTO + VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib, saxlanılanlar var.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə nəzarət edən əsas şəxslərdən biri - Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Tosov saxlanılıb.
Onun üzərində olan çantaya baxış zamanı 7 büküm ümumi çəkisi 26 kiloqram olan yüksək təsiredici narkotik maddə heroin aşkar edilib.
Elşad Tosov narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiyini bildirib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Sübhan Aslanov qanunsuz olaraq odlu silah-sursat saxlanmaqda şübhəli bilindiyi üçün saxlanılıb.
Onun üzərində şəxsi axtarış zamanı 1 ədəd "Makarov" markalı tapança və 6 ədəd patron aşkar olunub.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı da qanunsuz olaraq odlu silah-sursat gizlətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxil olan əməliyyat məlumatı zamanı əvvəlcə paytaxt sakini Elvin Mərdanov saxlanılıb.
Onun Buzovna qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd "AKS-74” markalı avtomat, 1 ədəd pulemyot patron darağı, 233 ədəd müxtəlif çaplı patron, 1 ədəd "F-1”, eləcə də 1 ədəd "RDQ-5” qumbaraları və partlayıcı aşkar edilib.
Aparılan araşdırma zamanı ona silah-sursat vermiş tanışı Hüseyn Səfərov də tutularaq Baş İdarəyə gətirilib. Onun paytaxt ərazisində yerləşən evindən isə 1 ədəd "Makarov” markalı tapança, 16 ədəd patron və 2 ədəd patron darağı aşkar edilib.
Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.