Bakıda avtomatlı şəxs saxlanıldı
Sabunçu Rayon Polis İdarəsi 13-cü polis bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bölmə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Maarif Kərimov saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “AK” markalı avtomat silah, 1 ədəd patron darağı və 9 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb. M.Kərimov ifadəsində odlu silah-sursatın ona atasından qaldığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı Maarif Kərimov barəsində 13-cü polis bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.