“Sədərək”də qızla gəzən gül satan oğlandan dəhşətli əməl — Təfərrüat
Bakının Qaradağ rayonunda 1992-ci il təvəllüdlü Adil şəxsi münasibətlər zəminində Amil və onun qardaşı Namil (adlar şərti verilib – red.) ilə dava edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun 5-də, saat 11 radələrində Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin içərisindəki mərkəzi yolda, məscidin yaxınlığında baş verib.
Adil heç bir əsaslı səbəb olmadan Amilin idarə etdiyi “Hundai İX-35” markalı avtomobilini saxlatdırıb, onu avtomobildən düşürdüb. Onun ünvanına nalayiq ifadələr işlədib, yumruqlarla bədəninin müxtəlif nahiyyələrinə vuraraq yerə yıxıb.
Nəticədə Amilin sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarət yetirib, qolunda olan 550 manat dəyərində “Emporio Armani” markalı qol saatını sındırıb.
Həmin zaman Amilin qardaşı Namil onları aralaşdırmaq istəyib. Adil onu itəliyib, ona da müqavimət göstərməklə qərəzli hərəkətlərini davam etdirib.
İstintaq orqanı tərəfindən Adilin barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, təxminən 3 ildir Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən gül dükanında satıcı işləyir: İyunun 6-da , saat 11 radələrində müdirəm İlhamənin idarə etdiyi “Reno Duster” markalı avtomobili ilə Sədərək Ticarət Mərkəzinin Lökbatan qəsəbəsi istiqamətində girişlərin birindən Ticarət Mərkəzinin içərisinə daxil olduq. Avtomobili İlhamə idarə edirdi. Hərəkətdə olduğumuz zaman bizim sol tərəfimizdən bir avtomobil səs siqnalı verə-verə hərəkət etdi. Digər yolda olan “Hundai İX35” markalı avtomobil baş yolda hərəkətdə oldu. Biz həmin avtomobillə toqquşacağımız zaman İlhamə avtomobili dərhal saxladı, “Hundai” markalı avtomobilə yol verdi. Həmin avtomobili idarə edən sürücü bizə nalayiq əl hərəkəti edərək, orta barmağını göstərdi, hərəkətinə davam etdi. Bu zaman İlhaməyə avtomobili həmin “Hundai” markalı avtomobilin arxasınca sürməsini bildirdim. Həmin avtomobilə işıq siqnalları ilə saxlatdırmasını tələb etdik. Həmin avtomobil bir qədər qarşıda saxladı. Avtomobildən düşdüm, “Hundai” markalı avtomobilin sürücü tərəf olan hissəsinə getdim. Qapını açdım, adını sonradan bildiyim Amil adlı sürücüyə “o nə işərədi bizə göstərdin” sualını verdim. Sürücü Amil isə mənə “otur maşına söhbət edək, mal kimi avtomobil idarə edirlər” cavabını verdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, bu zaman əsəbləşib və Amildən avtomobildən düşməsini tələb edib: “Amil avtomobildən aşağı düşdü, aramızda sözlə mübahisə yarandı. Biz dartışdıq. Mən 2-3 dəfə Amilə tərəf yumruq zərbələri atdım. Bizi tanımadığım bir neçə nəfər və Amilin qardaşı, sonradan adını bildiyim Namil aralaşdırdı. Mənim Amilə atdığım zərbələrin Namilə dəyib-dəymədiyini dəqiq xatırlamıram. Biz dalaş-dalaşa avtomobilin arxa tərəfinə keçdik. Yenə Amilə zərbə atdım. Amil yolun kənarında torpağa yıxıldı. Bizi Amilin qardaşı Namil və ətrafda olan bir neçə nəfər aralaşdırdı”.
Təqsirləndirilən şəxs bildirib ki, Amildən başqa heç bir şəxsə, eləcə də onun qardaşı Namilə hər hansı xəsarət yetirməyib: “Həmçinin bizi aralaşdırmağa çalışan Namilə müqavimət göstərməmişəm, onu əlim ilə itələməmişəm”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Amil deyib ki, iyunun 5-də, saat 11 radələrində idarə etdiyi “Hundai İX 35” markalı avtomobili ilə Sədərək Ticarət Mərkəzinə “Meyvəli” tərəfdən daxil olub: “Məndən başqa avtomobildə qardaşım Namil də olub. Bazara daxil olduq, o baş yol işarəsi olan yol ilə hərəkəti davam etdirdik. Bu zaman sağ tərəfimdən “Renault Duster” markalı avtomobil mənə yol verməli olan halda, qarşıma çıxdı, qəza şəraiti yaratdı. Bu səbəbdən səs siqnalından istifadə edərək etirazımı bildirdim. Sonra həmin avtomobil məcburi dayandı, mən öz yoluma yolun sağ hərəkət istiqaməti ilə davam etdim”.
Zərərçəkmiş şəxsin sözlərinə görə, bu zaman “Renault” markalı avtomobili idarə edən qadın onun sol tərəfinə keçib, sağda bir nəfər cavan oğlan əyləşib: “Həmin cavan oğlan müəyyən əl hərəkətləri ilə məndən nə olduğunu soruşurmuş kimi hərəkətlər etdi. Həmin cavan oğlana eyni qaydada cavab verdim. Yolum ilə hərəkət etdim, bazarın içərisində saat olan dairəyə daxil oldum, sağa döndükdən sonra sol tərəflə yoluma getdim. Dairəni keçən zaman digər avtomobil arxamca düşdü, məndən əl çəkmədiyini gördüm. Əlim ilə həmin avtomobilə “başınız işləmir” kimi işarə göstərdim. Həmin avtomobili idarə edən qadın isə mənə işıq siqnalı ilə bir neçə dəfə işarə verərək dayanmağımı tələb etdi. Mən də bir qədər irəliyə hərəkət etdim, yolun sağ kənarında avtomobili saxladım. Sürücünün yanında əyləşmiş cavan oğlan üstümə gəldi, qapını açdı, mənimlə mübahisə etməyə başladı. Məni əli ilə dartaraq düşməyimi tələb etdi. Bu zaman qardaşım avtomobildən düşdü, həmin şəxsə yaxınlaşdı ki, onu özümüzdən uzaqlaşdırsın. Mən də yerə düşdüm. Həmin şəxs yəni adını sonradan bildiyim Adil mənə yumruqla zərbələr atmağa başladı. Yumruq zərbələrindən biri baş nahiyəmdən dəydi. Mən yerə yıxıldım. Həmin vaxt barmağım da əzildi. Adil mənə zərbələr atarkən qardaşım onu kənarlaşdırmağa çalışdı”.
Bu cinayət işinə Qaradağ rayon Məhkəməsində hakim İslam Həsənovun sədrliyi ilə baxılıb.
Adil 1 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.