“Qəbirlərin arasında qızla öpüşdüyünü gördüm” — Bərdədə qanlı olay
Bərdə rayonunda 2003-cü il təvəllüdlü Babək şəxsi münasibətlər zəminində Rahibə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Babək 24 mart 2021-ci ildə, saat 18.00-da Bərdə rayonu Arabaçılar kəndinin ərazisində yerləşən qəbiristanlıqda həmin rayonun Hacılar kəndində yaşayan Rahib ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onun ünvanına nalayiq ifadələr işlətməsinə əsəbiləşib, özündə olan bıçaqla onun bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurub.
“Müxtəlif yerlərdə görüşdük”
İstintaq orqanı tərəfindən Babəkin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Babək ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi olaraq heç bir yerdə işləmir: “2020-ci ildə G.Qarayev adına Bərdə rayon Mustafaağalı kənd tam orta məktəbinin 11-ci sinfini bitirmişəm. 2020-ci ilin mayında Bərdə rayonu Hacılar kənd sakini, 2004-cü il təvəllüdlü Vəfanı tanımağa başlamışam və həmin qız ilə aramızda sevgi münasibətlərimiz yaranıb. Tanış olmağa başladıqdan sonra mütəmadi olaraq Vəfa ilə əlaqə saxlamışam və bəzən kənd ərazisində müxtəlif yerlərdə görüşdük. Vəfa ilə aramızda olan sevgi münasibətlərini hətta bizim ailələrimiz də bilib”.
“Məzarı ziyarət etdik, geri qayıtdıq”
Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş Rahibi əvvəllər tanımayıb: “Buna görə də həmin şəxs ilə aramızda heç bir düşmənçilik və ədavət olmayıb. Martın 24-də, saat 18.00-da Vəfa ilə yaşadığı kənd ərazisindəki mağazalardan birinin qarşısında görüşdük. Görüşümüzün məqsədi Vəfanın mərhum anasının Bərdə rayonu Arabaçılar kəndi ərazisində yerləşən qəbiristanlıqdakı məzarını birlikdə ziyarət etmək istəməyimiz olub. Bu məqsədlə əvvəlcədən tanıdığım, Bərdə rayonu Hacılar kənd sakini Əli adlı şəxsin idarə etdiyi “VAZ-21074” markalı avtomobili ilə Arabaçılar kəndi ərazisində yerləşən qəbiristanlığın yanına gəldik. Avtomobildən düşdükdən sonra Vəfa ilə birlikdə mərhum anasının məzarını ziyarət etmək üçün qəbiristanlığa daxil olduq. Vəfanın anasının məzarını ziyarət edən zaman bizdən təxminən 50-60 metr aralı məsafədə tanımadığım bir nəfər şəxsin dayandığını gördüm. Ancaq həmin şəxsə bir o qədər də əhəmiyyət vermədim. Məzarı ziyarət etdik, geri qayıtdıq. Vəfanın yaşadığı kənd özümün yaşadığı kənd ilə əks istiqamətlərdə yerləşdiyindən Vəfa taksi avtomobilinə əyləşərək oradan getdi”.
“Üzündən öpdüyümü söylədim”
Babəkin ifadəsinə görə, piyada yolun kənarı ilə yaşadığı kəndə doğru getməyə başlayan zaman bir qədər əvvəl görüb, əhəmiyyət vermədiyi həmin şəxs onu çağırıb: “Mən də həmin şəxsin dayandığı yerə gedərək salamlaşdım. Bu zaman sonradan adının Rahib olmasını bildiyim şəxs məndən kim olduğumu və hansı məqsədlə qəbiristanlığın ərazisinə qız ilə gəldiyimi soruşdu. Mən isə öz növbəmdə həmin şəxsdən adını söyləməsini istədim və yalnız bundan sonra öz adımı deyəcəyimi bildirdim. Daha sonra həmin şəxs məndən qız ilə aramızda hansı münasibətin olduğunu soruşdu. Qızın sevgilim olduğunu bildirdim. Rahib adlı həmin şəxs qızın valideynlərinin qəbiristanlığa gəlmələri barədə məlumatları olub-olmadığını xəbər aldı. Bunun ardınca Rahib cibindən mobil telefonunu çıxararaq Vəfanın valideynlərinə zəng edəcəyini dedi. Ancaq buna ehtiyac olmadığını, Vəfanın həm atasının, həm də xalasının bu barədə məlumatlı olduqlarını söylədim. Biz birlikdə qəbiristanlığın içərisinə doğru bir qədər irəlilədikdən sonra Rahib məndən qız ilə orada nə iş gördüyümzü soruşdu. Bu suala cavab olaraq qızın mərhum anasının məzarını ziyarət etmək məqsədilə qəbiristanlığa gəldiyimizi bildirdim. Həmin şəxs “başqa bir iş görməmisiniz?” sualını verdi. Yalnız Vəfanın əllərindən tutduğumu, bir-birimizi qucaqladığımızı və bir dəfə qızı üzündən öpdüyümü söylədim”.
“Ünvanıma “bacı söyüşü” söydü”
Babəkin ifadəsinə görə, bundan sonra Rahib qıza başqa nə isə edib-etmədiyini soruşub: “Vəfa ilə aramızda başqa heç nəyin yaşanmadığını qeyd etdim. Bu zaman Rahib gözləri ilə gördüyünə şahidlik etdiyini dedi, guya Vəfa ilə qəbiristanlığın ərazisində “başqa işlər” ilə məşğul olduğumuza eyham vurdu, ünvanıma “bacı söyüşü” söydü. Sonra Rahib üzümdən bir dəfə möhkəm şillə vurdu. Bundan bərk əsəbiləşdim, əynində olan gödəkçənin cibindəki bıçağı çıxararaq Rahibin kürək nahiyəsindən bir dəfə zərbə endirdim. Rahib bıçaq zərbələrini davam etdirəcəyimdən qorxaraq bir qədər kənarlaşdı və məzarların ətrafında dolanmağa başladı. Məhz bu vaxt tanımadığım, ucaboy, saçının alın nahiyəsi bir qədər tökülmüş, 25-30 yaşlı bir nəfər şəxs bizə yaxınlaşdı. Həmin şəxs bizdən nə üçün dalaşdığımızı soruşdu. Həmin şəxsə heç nə demədim. Bundan sonra adını söyləməyən həmin şəxs Rahibi məndən kənarlaşdırdı. Mən isə bıçağı cibimə qoyaraq qəbiristanlıqdan yaşadığım kəndə doğru getməyə başladım. Bu zaman Rahib arxamca “var-yox söyüşü” söydü, getməyimə mane olmağa çalışsa da, mən uzaqlaşmağı davam etdim”.
“Qızın sevgilisi olduğunu bildirdi”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Rahibin sözlərinə görə, martın 24-də, saat 18.00-da yaşadığı Hacılar kəndindən qonşu kənd olan Arabaçılar kəndinə gedib: “Arabaçılar kəndi yaxınlıqda olduğu üçün qəbiristanlığın içərisindən keçən yol ilə piyada hərəkət etdim. Qəbiristanlığın giriş qapısından içəri daxil olaraq üst yol ilə təxminən 150 metr məsafə qət etdim. Yol ilə gedən zaman orada atamın məzarına baş çəkdim və sinə daşının üzərində olan gülləri düzəltdim. Daha sonra aşağı tərəfə gedən zaman qəbirlərin yanında bir oğlan və bir qızın dayandığını gördüm. Oğlan və qızın öpüşdüyünü gördüm. Onlar məni görən kimi əyinlərini düzəltdilər, ayağa durdular. Oradan çıxaraq qəbiristanlığın yuxarısına tərəf getdilər. Həmin oğlan və qızın dayandıqları yerə doğru getdim və oradakı qəbirin qonşmuz Vəlinin arvadının qəbri olduğunu müəyyən etdim. Həmin qızın da Vəlinin qızı Vəfa olduğunu bildim. Daha sonra sonradan adının Babək olmasını bildiyim oğlanın və Vəfanın arxasınca gedərək hər ikisinin şəhidlərin dəfn edildiyi tərəfdə olduqlarını gördüm. Həmin yerə çatanda həmkəndlim Əliyə məxsus “VAZ-2107” markalı avtomobili gördüm, yaxınlaşanadək Vəfa həmin avtomobilə minərək oradan uzaqlaşdı. Babək isə qəbiristanlığın aşağı tərəfinə gedərək özünün yaşadığı Mustafaağalı kəndi istiqamətində irəlilədi. Babəki səslədim və dayanmasını dedim. Babək dayanaraq məni gözlədi. Yaxınlaşaraq Babəkdən kim olduğunu soruşdum. Bu zaman Babək qızın sevgilisi olduğunu bildirdi”.
“Qızla öpüşdüyü üçün sifətindən vurdum”
Zərərçəkmiş qeyd edib ki, daha sonra Babəkə “adam istədiyi qızı qəbiristanlığa gətirib, belə edir?” sualını ünvanlayıb: “Qəbiristanlıqda qızla öpüşdüyü üçün bir dəfə şillə ilə Babəkim sifətindən vurdum. Babək mənə “əmi, niyə elə danışırsan? Qızın atası da bilir, dayısı da bilir” sözlərini söylədi. Həmin vaxt qızın həm atasının, həm də dayısının mobil nömrələrinə zəng edəcəyimi, onların bundan xəbəri olduğunu, yoxsa yalan dediyini dəqiqləşdirəcəyimi bildirdim. Əsas məqsədim Babəkin kəndə aparmaq olduğum üçün tanışlarımdan birinə zəng etdim, qəbiristanlığa çağırmaq istədim. Ancaq həmin tanışıma zəng etsəm də, zəngə cavab verilmədi”.
“Tanımadığım şəxsin məni bıçaqla vuraraq qaçdığını söylədim”
Rahibin bildirdiyinə görə, bir neçə saniyə sonra onun mobil telefonuna zəng gəlib: “Üzümü geriyə döndərərək zəngə cavab verəndə Babək məni arxadan bıçaqla vurdu. Dönüb sol əlimi qarşıya uzatdıqda Babəkin vurduğu ikinci bıçaq zərbəsi mənim sol qoluma dəydi. Daha sonra Babəkə mane oldum, dostum Namiqin mobil nömrəsinə zəng edərək qəbiristanlıqda bıçaqla vurulmağım barədə məlumat verdim, Namiqdən təcili qəbiristanlığa gəlməsini xahiş etdim. Bunun ardınca Babəki özümdən kənarlaşdırmaq istədim. Lakin Namiq təcili şəkildə oraya gələrək Babəki uzaqlaşdırdı. Babək qəbiristanlıqdan uzaqlaşaraq qaçdı. Namiq kömək edərək məni qəbiristanlığın kənarına çıxardı. Sonra Namiq tanışı Murada zəng edərək mənim bıçaqlandığımı və xəstəxanaya çatıdırılmalı olduğumu dedi Bir qədər sonra Murad adının sonradan Abdulla olmasını bildiyim şəxsin idarə etdiyi “Opel” markalı avtomobil ilə qəbiristanlığın aşağı tərəfinə gəldi. Murad məndən nə baş verdiyini soruşanda, tanımadığım şəxsin məni bıçaqla vuraraq qaçdığını söylədim. Bundan sonra avtomobilin arxa oturacağına əyləşdim, Bərdə rayon Mərkəzi Xəstəxanasına getdik”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Babəkin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il 6 ay sınaq müddəti olmaqla 2 il 11 ay 29 gün şərti cəza təyin olunub.