Kərəm Həsənovun bacısından 2 milyon alan falçıdan xəbər var - övladının bəxtini açdırmaq istəyib…
"Maya” ləqəbli falçı Şəfəq İsmiyeva Rəna Ağarzayevadan övladının bəxtini açdırmaq üçün pul alıb. İndi falçı hakim qarşısına çıxarılır. Lakin bu gün keçirilməli olan prosesə gəlməyib.
Dələduzluqda təqsirləndirilən Ceyhun Zeynallı və Şəfəq
İsmiyevanın cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə araşdırılır.
Bu gün prosesdə məlum olub ki, Şəfəq İsmiyeva koronavirusa yoluxub. Bu barədə məhkəməyə onun vəkili məlumat verib.
Hakim bildirib ki, Şəfəq İsmiyeva koronavirusa yoluxması şübhə doğurur. Çünki Ş.Ismiyeva daha əvvəl müxtəlif səbəb və ya bəhanələrlə məhkəmənin gedişini uzadıb.
Vəkil isə bildirib ki, Ş.İsmiyeva ailə üzvləri ilə birlikdə koronavirusa yoluxub. Bu barədə rəsmi sənədləri növbəti prosesdə təqdim edəcəklər.
Hakim zərərçəkmiş tərəfdən ziyanın ödənilib-ödənilmədiyini soruşub. Zərərçəkmiş şəxs zərərin ödənmədiyini deyib.
Ş.İsmiyevanın vəkili bunu müdafiə etdiyi şəxsin koronavirusa yoluxması ilə əlaqələndirib.
Hakim məhkəmə prosesini gələn ilin 19 yanvarında qədər təxirə salıb.
Ceyhun Zeynallı özünü günahkar bilmir. Şəfəq İsmiyeva Ceyhun Zeynallıdan hamilə olduğu üçün istintaq dövründə həbs edilməyib. Artıq həmin uşağı dünyaya gətirib. Buna görə də azadlıqdadır.
Şəfəq İsmiyeva aldığı bir milyon pulu Ceyhun Zeynallıya verdiyini iddia edir. Ceyhun isə bunu təkzib edir və Şəfəq İsmiyevanın dünyaya gətirdiyi körpəsinin də atası olmadığını söyləyir.
Əvvəl dəymiş zərərin 1 milyon olduğu deyilirdi.
Amma məhkəmədə məlum olub ki, Rəna Ağarzayeva fala baxmaq adıyla 1 milyon 998 min manat verib.
Xatırladaq ki, prokuror Şəfəq İsmiyevanın 10 il 6 ay həbs cəzası verilməsini və məhkəmə zalında həbs edilməsini tələb edib. Prokuror Ceyhun Zeynallının isə 13 il azadlıqdan məhrum edilməsini istəyib.
İstintaq müəyyən edib ki, İsmiyeva özünü "Maya" kimi təqdim edib və iki il ərzində hissə-hissə olmaqla Rəna Ağarzayevadan 2 milyona yaxın pul alınıb. Zərərçəkmiş qismində Rəna Ağarzayeanın həyat yoldaşı Sənan Ağarzayev tanınıb.
Məhkəmədə danışan Sənan Ağarzayeva söyləyib ki, təqsirləndirilən şəxslərin həbsini yox, pulunu istəyir.
Məhkəmədə o da məlum olub ki, zərərçəkmiş tərəfə 293 min manatı Ceyhun Zeynallı ödəyib.
Bildirək ki, növbəti proseslərdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edəcək, özləri son sözlərini deyəcək, ardınca hökm elan ediləcək.
Xatırladaq ki, Rəna Ağarzayevanın Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı olduğu deyilir.
Musavat.com