Bakıda bərbərxanada qadını itələyən sahə müvəkkili işdən çıxarıldı
Bakıda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı işdən çıxarılıb. Belə ki, sosial şəbəkələrdə bir neçə gün əvvəl həmin polisin qaba hərəkətinə dair yayılmış görüntülər Daxili İşlər Nazirliyində araşdırılıb. Məlum olub ki, bərbərxanada qapalı məkanda tibbi maskadan istifadə etməyən xanıma qarşı kobudluq edən şəxs Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğludur. O, tutduğu vəzifədən azad edilib.
DİN-in Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.
Həmin görüntülərə əsasən Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanaların birində polis əməkdaşı qadına qarşı zorakılıq hərəkətləri edib. Belə ki, bərbərxanaya daxil olan polis qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Qadın isə maska taxdığını bildirərək buna etiraz edib. Daha sonra isə sahə müvəkkili bərbərxanada həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Bundan sonra polis əməkdaşı həmin qadını polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.