azia.az
azia.az

MEK-də “Molla Nəsrəddin - 116” adlı sərgi keçirilir

7-04-2022, 11:18

MEK-də “Molla Nəsrəddin - 116” adlı sərgi keçirilir
MEK-də “Molla Nəsrəddin - 116” adlı sərgi keçirilir
Bu gün yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin ideya rəhbəri olduğu Azərbaycanın ilk illüstrasiyalı satirik jurnalı “Molla Nəsrəddin”in ilk nəşrə başlamasından 116 il ötür. Bununla əlaqəli Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) ənənəvi formada sərgi təşkil edilib.
Sərgidə “Molla Nəsrəddin” on iki cilddə (1988), “Molla Nəsrəddin” (2005) on cilddə, “Molla Nəsrəddin jurnalının nəşr tarixindən” (Azərbaycan və rus dillərində) (2009), “Molla Nəsrəddin satirik jurnalı” on cilddə (2017), “Molla Nəsrəddin lətifələri” (2018), Səba Namazovanın “Əli Razi Şamçızadə: Molla Nəsrəddində” (2017) və “Molla Nəsrəddin jurnalı və Gəncə ədəbi mühiti” (2018), Gülbəniz Babayevanın “Molla Nəsrəddin jurnalı və milli ədəbi dəyərlər” (2020), baş redaktoru akademik İsa Həbibbəyli olan “Molla Nəsrəddin ensiklopediyası” (2020) və digər dəyərli nəşrlər nümayiş etdirilir.
Nümayiş olunan ədəbiyyatlarda “Molla Nəsrəddin” jurnalının problematikası, klassik irsə və folklora yaradıcı münasibəti tarixi, müqayisəli və elmi-nəzəri aspektlərdən təhlil və tədqiq olunur.MEK-də “Molla Nəsrəddin - 116” adlı sərgi keçirilir
Xatırladaq ki, Azərbaycan satirik mətbuatının zirvəsi sayılan "Molla Nəsrəddin" jurnalının birinci nömrəsi "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım" çağırışı ilə 7 aprel 1906-cı ildə Tiflis şəhərində, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Jurnal qısa bir zamanda "Lağlağı", "Həkimi-Nuni səğir", "Cırcırama", "Mozalan", "Hərdəmxəyal", "Dəli", "Hop-hop", "Sijimqulu", "Kefsiz", "Hambal", "Cüvəllağı", "Xortdan", "Dabanıçatdaq" və başqa gizli imzalarla çıxış edən M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Razi, M.S.Ordubadi kimi şair və yazıçıları daimi müəllifləri ətrafında toplamışdır. Jurnaldakı karikaturaları isə O.Şmerlinq, İ.Rotter və Ə.Əzimzadə kimi məşhur rəssamlar çəkmişlər.
MEK-də təşkil olunan sərgi 2 həftə davam edəcək.


AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi