Adil Əliyev: “Devalvasiyasdan sonra kiçik bizneslə məşğul olanların vəziyyəti pisləşib”
Manatın devalvasiyasından sonra kiçik bizneslə məşğul olanların vəziyyəti pisləşib.
Gün.Az xəbər verir ki, bunu millət vəkili Adil Əliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, Nərimanov rayonundan seçilmiş bir millət vəkili kimi deyə bilər ki, bu ərazidə devalvasiyalardan sonra bütün kiçik dükan sahibləri mağazalarını bağlayıblar.
“Ya kiçik sahibkarlara amnistiya verilsin, ya da onlar 1-2 illik vergi ödəməkdən azad edilsinlər. Həmin dükanların bağlanmasının nə dövlətə, nə əhaliyə xeyri yoxdur. Çünki kiçik bizneslə məşğul olanlar dükanlarını icarəyə verir, orada işçilər çalışır və.s. Onların işsiz qalması heç bir halda yaxşı hal deyil”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, millət vəkillərinin Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflərini nazir Fazil Məmmədova məktubla ünvanlayıb:
“Artıq nazirin tapşırığı ilə mütəxəssislərdən ibarət İşçi Qrupu yaradılıb və məsələ üzərində iş gedir”.