azia.az
azia.az

Nikol Paşinyan, Naxçıvana tanklarla getməyimizi istəyirsən?!

Bu gün, 10:15

2025-ci ilin 8 avqustunda baş tutan Vaşinqton razılaşmalarından sonra bəziləri sadəlövhlüklə Azərbaycanla Ermənistan arasında qarşıdurma mühitinin sona çatdığını israrla bildirirdilər. Hətta Ermənistana münasibətdə daha korrekt davranmağın zəruriliyindən bəhs edənlər, müəllif yazılarımıza, təhlillərimizə də irad bildirənlər tapılırdı.

VASİN.jpg (128 KB)

Budur, ölkəmizin Prezidenti hakim partiyanın qurultayında növbəti dəfə ölkə ictimaiyyətini öz yaddaşını diri tutmağa, unutqan olmamağa səslədi. Sitat: “Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər artıq “Qarabağ Azərbaycandır!” deyirlər. Bunu məcburən deyirlər. Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması, sadəcə olaraq, xoş niyyətin təzahürü deyil və belə sayıla bilməz. Bütün günahları Ermənistanın əvvəlki rəhbərliyinin üzərinə yıxmaq da olmaz. Halbuki Ermənistanın əvvəlki rəhbərləri - onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər. Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi, Azərbaycan xalqını təhqir etməyə çalışırdı, yersiz və mədəniyyətsiz açıqlamalarla Azərbaycan xalqının heysiyyətinə toxunurdu. Yəni bütün bunları biz heç vaxt unutmamalıyıq. Bu gün bəzi xarici dairələr Ermənistanın indiki rəhbərliyindən sülh göyərçini düzəltmək istəyəndə biz hər dəfə bax, bu tarixi onlara xatırladırıq. 2018–2020-ci illərin tarixini xatırladırıq ki, tarix təhrif edilməsin və yalan tezislər real tarixi pozmasın”.

ZMkgJUR6MYhg8UPsNhwXUiUEZELEchCYDMnSJ7jC_1200.jpg (63 KB)

Çox qiymətli xatırlatmalardır. Nikol Paşinyanı dövlət başçısından yaxşı kim tanıya bilər ki? Onun nə dərəcədə “sülhməramlı” olduğunu çox yaxşı bilir və dedikləri həm də Ermənistanın siyasi hakimiyyətinə, revanşist qüvvələrə xəbərdarlıqdır. Bunun səbəbi həm də odur ki, ötən 14 ay ərzində Nikol Paşinyan Vaşinqton razılaşmasından irəli gələn addımları atmağa tələsməyib və yaxud da Ermənistanın ayrı-ayrı əllərində olan cilov imkan vermir ki, bu ölkə Azərbaycanla paraflanmış sülh sənədi ilə əlaqədar növbəti qərarlarını versin.

Əvvəla, Nikol Paşinyan Azərbaycandan edilən xəbərdarlıqlara uyğun şəkildə ilk növbədə Ermənistan Konstitusiyasını dəyişməlidir. Bu oyuncaq ölkənin yeni konstitusiyası qəbul olunmalıdır! Çünki mövcud konstitusiyada Azərbaycana qarşı hələ 90-cı illərdən ərazi bütövlüyü ilə bağlı müddəalar əksini tapıb. Konstitusiyanın bu şəkildə qalması halında Azərbaycanla imzalanan sülhün heç bir qara kağız qədər qiyməti olmayacaq. Paşinyan bu günlərdə sülh sazişinin imzalanması zərurətindən danışdı, amma elə zənn edir ki, Azərbaycanı aldada biləcək. Dövlət başçımızın xəbərdarlığı yerində oldu!

Nikol Paşinyan məqsədli şəkildə Ermənistan parlamentində qərar vermək səlahiyyətini bir partiyanın mandatına daxil etmədi. Əks təqdirdə, müxtəlif üsullara əl ataraq daha bir neçə artıq mandat qazana bilərdi. Lakin təkbaşına qərar verməmək üçün guya müxalifətin əlavə problemlər yaratdığı görüntüsü ilə çıxış etmək üçün bu oyunu qurdu. Sülhdən danışan Paşinyan konstitusiyanı dilinə gətirmir.

tRUwnsnTBCt5PdrvBml5YLWHiqQgl9CUFqNPJRN8_1200.jpg (88 KB)

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda deyib ki, Azərbaycan yalnız son bir addımı - Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı dəyişikliklərin edilməsini gözləyir və bundan sonra yekun sülh sazişi reallığa çevriləcək.

H.Hacıyev bu sözləri deyərkən cənab Prezidentin hələ illər öncə sülhün imzalanmasından ötrü Ermənistan Konstitusiyasının dəyişdirilməsi zərurəti barədə şərtinə istinad edir təbii ki. Ən doğru həll yolu məhz budur! Necə ola bilər ki, qonşuya ərazi iddiası irəli sür, amma sülh sənədi imzala?..

Digər zəruri amil: Azərbaycan Prezidenti Vaşinqton razılaşmasından sonra Zəngəzur dəhlizi ilə bağlı proseslərin sürətləndirilməsinə çağırış etmişdi. Bildirmişdi ki, vaxtı itirmək olmaz. Ermənistana da çağırış olmuşdu ki, bu proses yekunlaşmalıdır. Trampın hakimiyyəti dövründə ən azı TRIPP marşrutunun açılışı həyata keçirilməlidir.

Ermənistan rəhbərliyi seçkilərdən sonra 2026-cı ilin ikinci yarısında dəhlizdə işlərə başlanacağına söz vermişdi, yenə də vaxt uzadır. İndi məlum olur ki, Ermənistan 2027-ci ilin yazından etibarən hansısa işlərə başlamaq niyyətindədir. ABŞ-nin İrəvandakı diplomatı bunu az qala “Amerikanın kəşfi” kimi elan etdi. Hansı ki, yayda işlərə payız-qış aylarında başlanacağını demişdilər. O zaman da biz bu vədə inanmamışdıq. Çünki çətin relyefdə, xüsusilə də sərt iqlim şəraitində mümkün deyildi. Deməli, yaz yağışlarının səngiməsini gözləyəcəklər və 2027-ci ilin ikinci yarısınadək işlər uzanacaq.

16ba6a5c28bbabf505344ac8eb6c08c4.jpeg (105 KB)

Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsində demək olar ki, işlərin böyük hissəsini yekunlaşdırmaq üzrədir. Həm avtomobil yolu, həm də dəmir yolu sürətli şəkildə inşa edilir. Türkiyədə də zəruri işlər görülür. Naxçıvan istiqamətində də dəhlizin tikintisi gedir...Amma Ermənistan rəhbərliyi hələ də Zəngəzur dəhlizində daşı daş üstə qoymağa tələsmir. Elə bu günlərdə Rusiya Təhlükəsizlik Şurasından növbəti dəfə Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlığın edilməsi ondan xəbər verir ki, Rusiya və İran Ermənistanın ayağını buxovlayıb və bu proseslərin irəli aparılmasına maneçilik törədir.

Odur ki, Ermənistan rəhbərliyi nəhayət, konkret mövqeyini ifadə etməlidir. Hesab edirəm ki, dövlət başçısının xəbərdarlığı sıradan bir məsələ deyil və Nikol Paşinyan eyforiyaya qapıldı. Azərbaycan Prezidentinin kölgəsində sülh mükafatını aldı, hətta sonradan Almaniya kansleri tərəfindən də ona haqq etmədiyi növbəti dəfə bir təltif elan edildi.

Düzdür, dəfələrlə bildiririk ki, sülh şəraitinin yaradılmasında Azərbaycan Prezidentinin xidmətləri danılmazdır. Amma bunlar sözlərdir. Sülh və Azərbaycan haqqında, Azərbaycan dövləti haqqında deyilənlərdir. Real Ermənistan və sair haqqında deyilənlər isə yalnız sözdür. Əməli addımları biz görmürük və bütün bunlar suallar doğurur.

Ermənistan ordusunun sürətlə silahlanması, Ermənistana süni intellekt və bu bölgəyə ABŞ və Avropa pullarının axması, paralel şəkildə Rusiyanın da bu ölkə ilə bağlı iddiaları və hətta Amerika şirkətinin iş görəcəyini əsas gətirən Rusiya və İran nümayəndələrinin bu bölgəyə guya ABŞ hərbçilərinin gələ biləcəyi barədə mənasız iddiaları fonunda Ermənistan rəhbərliyinin sükutu qəribə atmosfer yaradır.

Birdəfəlik desinlər: ya Zəngəzur dəhlizini… Axı Azərbaycan birmənalı şəkildə bəyan etmişdi ki, biz avtomobillərlə keçib Qərbi Zəngəzura, Naxçıvana getmək istəyirik. 

16922305384962824084_1200x630.jpg (167 KB)

Ermənistan sülhdən danışır, amma 2027-ci ilin hərbi büdcəsinə daha 47 milyard dram əlavə edir. Niyə?! Sülh beləmi olur? Bu ölkə işğalçı və terrorçu olduğu üçün ordu saxlamaq hüququndan məhrum edilməlidir, nəinki hərbi xərclərini artırmalı! Yoxsa tanklarla getməyimizə bizi vadar etmək istəyirlər? Bu günlərdə Ermənistandakı guya “Sülh körpüsü”nün üzvünün fürsət düşən kimi Qarabağa tanklarla gələcəkləri barədə təhdidlərinin qarşılığında susan Ermənistan rəhbərliyinə necə etimad etmək olar?!

Ermənistan rəhbərliyi sanki eşitmir bütün bunları, radikallar at oynadır! Susqunluq yetər, mövqe bildirmək vaxtıdır. Məşhur sualı bu şəkildə səsləndirməyin yeri var: axı, sən nə istəyirsən, Nikol Paşinyan?!

Elşad PAŞASOY 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi