Qənirə Paşayeva Tovuzun problemlərini nazirin diqqətinə çatdırıb
Millət vəkili Qənirə Paşayeva Tovuzda kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə keçirilən tədbirdə iştirak edib. Millət vəkili sakinləri narahat edən problemləri qaldıraraq onların həllinə dəstək göstərilməsini nazirdən və hökumətdən xahiş edib. Q.Paşayeva kartofçuluq rayonu olan Tovuzda toxumçuluqla bağlı ciddi problemlərdən də danışıb.
O bildirib ki, ölkəyə daxil olan toxumların keyfiyyətinə ciddi nəzarət mexanizmləri ilə yanaşı insanlarımızın bu istiqamətdə səhv etməməsi və ya keyfiyyətsiz toxum satanların tələsinə düşməməsi üçün geniş maarifləndirilməsinə ciddi ehtiyac var. Millət vəkili bununla yanaşı toxumçuluğun ölkəmizdə və Tovuzda inkişafı ən vacib məsələlərdən biri olduğunu da vurğulayıb: “Çünki keyfiyyətsiz toxumlar olduğu zaman bu ya məhsulun olmamasına və ya məhsuldarlığının çox aşağı olması ilə nəticələnir ki, bu da kənd sakinlərinə ciddi zərər vurur”. Bundan başqa kənd təsərrüfatında istifadə olunan dərmanların keyfiyyətinin yüksək olmasının vacibliyi məsələsinə də toxunan millət vəkili Q. Paşayeva yerlərdə kənd təsərrüfatı ilə məşğul olan insanların gübrələr, dərmanlar, toxumlarla və.s-lə bağlı davamlı maarifləndirilməsinin vacibliyindən danışaraq nazirliyin dəstəyi ilə televiziyalarda kənd təsərrüfatı ilə bağlı proqram və sosial roliklərin artmasına böyük ehtiyac olduğunu deyib.
Deputat Ağcabədi, İmişli və Bərdə də nazirliyin həyata keçirdiyi pilot layihələrə Ermənistanla böyük ön cəbhə rayonu olan Tovuzun da daxil edilməsini xahiş edib. O bildirib ki, heyvandarlıq sahəsində süni mayalandırma üzrə baytar texniklərin yetişdirilməsinə Tovuzdan gənclərin də cəlb edilməsi həm iş yerləri ilə bağlı məsələlərdə həm də heyvandarlığın inkişafında önəmli təkan olardı.