azia.az
azia.az

İlahiyyatçıdan ŞOK AÇIQLAMA-Süni mayalanma....

Bu gün, 09:40

Azərbaycanda reproduktiv sağlamlıq məsələlərini tənzimləyən qanunvericilik təşəbbüsünün yenidən gündəmə gəlməsi süni mayalanma və daşıyıcı analıq kimi məsələlərin dini aspektini də diqqət mərkəzinə gətirib. Bir neçə il əvvəl müzakirə olunan qanun layihəsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu məsələlərə etirazını bildirmiş, xüsusilə süni mayalanma və daşıyıcı analıqla bağlı şəriət baxımından mövqeyini açıqlamışdı. Hazırda QMİ əvvəlki mövqeyinin qüvvədə qaldığını və bu məsələlərə münasibətində dəyişiklik olmadığını bildirir. Yeni qanun layihəsinin isə hələlik İdarəyə təqdim edilmədiyi qeyd olunur.

Bəs, İslam dinində süni mayalanmaya ümumi münasibət necədir? Hansı hallarda bu üsul şəriət baxımından məqbul hesab olunur, hansı hallarda yolverilməzdir? QMİ-nin əvvəlki qanun layihəsi ilə bağlı mövqeyinin dəyişmədiyi bildirilir. Bu mövqenin əsas dini arqumentləri nələrdir və yeni qanunvericilik təşəbbüsündə hansı məsələlər xüsusilə diqqətdə saxlanılmalıdır?

Mövzu ilə bağlı Medianews.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, ümumiyyətlə, İslam dinində bu süni məsələlərə bir qədər mənfi yanaşılır.

Onun sözlərinə görə, təkcə övlad dünyaya gətirmək məsələsində deyil, digər məsələlərdə də belədir: “Ancaq övlad məsələsində “zərurət” deyilən bir məqam var. Şübhəsiz ki, uzun illər insanın övladı dünyaya gəlməzsə və bu, yalnız süni mayalanma yolu ilə mümkün olarsa, onda insanın öz həyat yoldaşından hüceyrənin götürülməsi və lazımi məsələlərin həll edilməsi məsləhət görülür. Yəni ona naməhrəm olan başqa kişilərin və yaxud başqa şəxsin – bilmədiyi, tanımadığı və ümumiyyətlə, onun nikahında olmayan şəxsin – vasitəsilə övlad dünyaya gətirməsi qəti şəkildə haram hesab olunur. Bu, qeyri-qanuni övlad dünyaya gətirmək kimi qiymətləndirilir. Bu baxımdan məqbul deyil.

Bir məsələni də deyim ki, ən əsası, bilirsiniz, dini bəzən elmi meyarlarla və yaxud dünyəvi qanunlarla müqayisə edirlər. Bu, tamamilə yanlış məsələdir. Din bir inanc toplumu, inanc və dəyərlər sistemidir. Ona görə də din hikmətə əsaslanır, yəni elmə yox, vəhyə və hikmətə əsaslanır. İlahi buyuruqlar mənası və mahiyyəti bəşəriyyət üçün o qədər də tam aydın olmayan hikmətə söykənir. Əgər Allah bir insana övlad vermirsə, deməli, bunun öz hikməti var. Dində də buyurulur ki, Allah tərəfindən bəxş olunan imtahanlara, bəzən əziyyətlərə və məhrumiyyətlərə insan səbirlə yanaşmalıdır.

CROSSMEDIA - İlahiyyatçı: İslam süni mayalanma ilə doğulan uşaqları qəbul  etmir

Amma bu, təbii ki, tibb və elmdir. Onlar dindən bir qədər fərqlidir. Kimin övladı olmursa, dərhal istəyir ki, süni şəkildə övlad dünyaya gətirsin. Yəni din bu kimi məsələlərə təmkinli yanaşmağı buyurur və əslində, süni mayalanma da dində o qədər məqbul hesab edilmir, xoş qarşılanmır – lap öz ərindən olmuş olsa belə. Amma artıq uzun illər keçibsə, tutaq ki, məcburdur, övladı dünyaya gəlmir, digər problemlər yaranır və sair, bu zaman artıq öz məhrəmindən, yəni həyat yoldaşının vasitəsilə həmin süni mayalanma həyata keçirilə bilər.

Ancaq indi dünyanın bəzi ölkələrində bu, ənənəvi xarakter alıb. Naməlum bir şəkildə, başqa formada toxum yerləşdirirlər ki, bu da başqa adamların vasitəsilə olur, həyat yoldaşından yox. O uşaq da onun sayılmır və bu, zina hesab olunur. Qeyri-qanuni övlad dünyaya gətirməkdir, vəssalam. Yəni bu da, təbii ki, dini baxımdan da, elə bizim milli mentalitet baxımından da məqbul deyil və o uşaq da şəriət baxımından onun övladı sayılmır. Bir zinakarlıq kimi bir şeydir bu. Məsələ belədir”.

Süni mayalanma ilə bağlı QMİ-dən SƏRT MESAJ – Mövqe dəyişməyib | Yurd.Media

T.İrfanlı Qafqaz Müsəlmanları İdarəsinin bu məsələlərə etiraz etməsinə hansı əsaslar gətirdiyindən məlumatı olmadığını qeyd edib: “Ola bilsin ki, onlar da hansısa şəriət məsələlərinə əsaslanıblar və bu barədə öz fikirlərini bildiriblər. Hərçənd ki, onların fikri o qədər də önəmli deyil. Ona görə ki, onlar müstəqil şəkildə şəriət məsələlərini araşdırıb fətva vermək və ya hansısa hökm çıxarmaq iqtidarında deyillər, onların o cür potensialı yoxdur. Elə Qazılar Şurası da daxil olmaqla. Onlar ancaq xaricdə yerləşən müctəhidlərə və ali ruhanilərə, siyasiləşmiş ruhanilərə, xüsusən də İran ruhanilərinə birbaşa təqlid edirlər, yəni onların təqlidçiləridir (Qazılar Şurasının əksəriyyəti). Bəli, bu xarici müctəhidlərə təqlid edən şəxslərin də müstəqil şəkildə fətva vermək, hökm çıxarmaq və hansısa məsələlərə müstəqil fikir bildirmək şansı yoxdur.

Gedən proseslərdən də görürük ki, bu kimi məsələlərdə onlar müstəqil qərar çıxarmaq gücündə deyillər və ancaq təqlid etdikləri müctəhidlərin, fəqihlərin fikirlərini burada təkrar etməklə, daha doğrusu, təbliğ etməklə məşğuldurlar. Ona görə onların fikri o qədər də önəmli deyil və önəmli də olmamalıdır.


Amma həqiqət budur ki, İslam dininin, Qurani-Kərimin, yəni verdiyim cavabda bütün mötədil İslam məzhəblərinin ortaq fikirlərini qeyd edirəm. Təbii ki, siyasiləşmiş İslam məzhəbləri var ki, teokratik ölkələrdə müqtədir olan siyasiləşmiş dini ideologiyaların baxışları var. Orada hətta cins dəyişməyə də, homoseksualizmə də icazə verilir. Məsələn, İranda. Şəriət hökumətidir və orada hər şeyə icazə verilir: qadın kişi ola bilər, kişi qadın ola bilər, ərə gedə bilər, rəsmi olaraq nikah bağlayırlar. Orada təhsil almış bizim axundlar və digərləri hələ bunu burada da təbliğ edirdilər, çünki oraya təqlid edirlər.

Ona görə də bu məsələlərə münasibət bildirəndə gərək mötədil məzhəblərin, yəni ənənəvi İslamın fikirlərinə baxaq, siyasiləşmiş, dırnaqarası İslamın yox. Yoxsa artıq mövzudan və əsas fikirdən yayınmış olarıq. Ümumiyyətlə isə ümumi mövqe qeyd etdiyim kimidir: süni mayalanma ilə bağlı insan yalnız öz nikahında olan, öz halalı hesab edilən şəxsdən bəhrələnə bilər və ondan övlad dünyaya gətirə bilər”.

Nailə Qasımova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi