Elektriklə işləyən ilk “Range Rover Sport” buraxıldı
Britaniyanın məşhur “Range Rover” markası “Range Rover Sport” modelinin tam elektriklə çalışan versiyasını təqdim edib.
Xəbər verilir ki, “Autocar”ın məlumatına görə, yeni “Sport Electric” iki elektromotorla təchiz olunub və onların ümumi gücü 542 at qüvvəsidir. Model 118,5 kVt/saat tutumlu batareya ilə təchiz edilib və bir doldurulma ilə 602 kilometrə qədər məsafə qət edə bilir.
Böyük Britaniyada avtomobilin qiyməti 109 810 funt sterlinqdən başlayır.
Texniki baxımdan yeni model bu yaxınlarda təqdim edilən “Range Rover Electric” ilə demək olar ki, eynidir. İstehsalçı “Sport Electric” modelinin güclü idman yolsuzluq avtomobilinin dinamikasını “Range Rover” üçün xarakterik olan komfort, dəbdəbə və yüksək keçicilik imkanları ilə birləşdirildiyini bildirir.
Avtomobil 0-dan 100 km/saat sürətə 4,3 saniyəyə çatır.
Mühəndislər avtomobilin idarəetmə xüsusiyyətlərinə də xüsusi diqqət yetiriblər. Böyük batareya kuzovun döşəməsinin altında yerləşdirilib. Bunun sayəsində elektrikli modelin ağırlıq mərkəzi daxiliyanma mühərrikli versiyalardan daha aşağıdır. “Range Rover” həmçinin “Sport Electric”in kuzovunu ailənin ən sərt kuzovu kimi təqdim edir.
Avtomobil aktiv kuzov yırğalanmasının qarşısını alan sistem, adaptiv asqı və arxa təkərlərin də idarə olunmasını təmin edən tam idarəolunan şassi ilə təchiz edilib. İstehsalçının fikrincə, bu texnologiyalar avtomobilə yolda daha çevik idarəetmə ilə yanaşı, tammiqyaslı yolsuzluq imkanlarını da qorumağa imkan verəcək.
Batareya 800 voltluq elektrik arxitekturasından istifadə edir və 350 kVt-a qədər güclə sürətli enerji yığmanı dəstəkləyir. Akkumulyator tam hermetik şəkildə qorunub. Bu səbəbdən elektromobil digər “Range Rover” modelləri kimi dərin su maneələrindən keçə bilir.
Xarici görünüş baxımından “Sport Electric” daxiliyanma mühərrikli versiyadan ciddi şəkildə fərqlənmir. Elektrikli modeli bir qədər dəyişdirilmiş radiator barmaqlığı və xüsusi dizaynlı disklər vasitəsilə tanımaq mümkündür.
Modelin satışına artıq başlanılıb. İlk avtomobillərin alıcılara gələn il çatdırılması planlaşdırılır.