Krımla bağlı SKANDAL
Rusiyanın ilhaq etdiyi Krımda təxminən 739 milyon rublluq dövlət müqaviləsi heç bir müsabiqə keçirilmədən Putinin yaxın çevrəsi ilə əlaqələndirilən şirkətə verilib. Söhbət böyük turizm layihəsinin qazla təmin edilməsindən gedir.
Xəbər verilir ki, bu barədə “The Insider” araşdırma dərc edib.
Krımın Rusiya tərəfindən təyin olunmuş rəhbəri Sergey Aksyonov avqustun 25-də “EKS Şirkətlər Qrupu”nu Saki ilə Yevpatoriya arasında yaradılması planlaşdırılan “Rusiyanın qızıl qumları” turizm klasterinə qaz kəmərinin çəkilməsi üzrə yeganə podratçı təyin edib. Müqavilənin dəyəri 738,9 milyon rubldur.
Şirkət “Priberejnoye” qazpaylayıcı stansiyasından kurorta qədər yüksək təzyiqli qaz kəməri çəkməlidir. Tikintinin 2027-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Rusiya hakimiyyətinin “Dubayın bir parçası” kimi reklam etdiyi “Rusiyanın qızıl qumları” layihəsi 22 kilometrlik sahil zolağında təxminən 230 hektarı əhatə etməlidir. Burada 18 hotel, yaxta limanı, akvapark, sərgi mərkəzi və tibb müəssisələrinin tikilməsi planlaşdırılır. Layihənin əvvəlcə 60 milyard rubl göstərilən ümumi dəyəri artıq 120 milyard rubla çatıb.
“The Insider” layihə ətrafında başqa maraqlı əlaqələrə də diqqət çəkir. Əsas tikinti şirkəti “Monolit” Aksyonov ailəsi ilə əlaqələndirilir. Araşdırmaçıların məlumatına görə, onun strukturuna daxil olmuş şirkətlərdən biri əvvəllər Aksyonovun həyat yoldaşı Yelena Aksyonovaya məxsus olub.
739 milyonluq müqaviləni alan EKS isə bundan əvvəl “Proekt” və “Forbes”in araşdırmalarında Rotenberq qardaşlarının çevrəsi ilə əlaqələri kontekstində hallanıb. Şirkətin faktiki sahibi hesab edilən Maksim Krılov vaxtilə “Krasnodarqazstroy”da çalışıb. Arkadi Rotenberq sonradan məhz bu şirkətin bazasında “Stroyqazmontaj”ı yaradıb. EKS-in dövlət müqavilələrini girov qoymaq üçün tez-tez Rotenberq qardaşlarına məxsus SMP Bankdan istifadə etdiyi də bildirilir.
Beləliklə, Krımda milyardlarla rublluq nəhəng turizm layihəsinin növbəti dövlət sifarişi də müsabiqə keçirilmədən Kremlin ən nüfuzlu biznes çevrələrindən biri ilə əlaqələndirilən şirkətə çatıb.