Qərb kəşfiyyatından GÖZLƏNİLMƏZ ETİRAF: İranın gizli NÜVƏ SİLAHI...
Qərb kəşfiyyat orqanları İranın gizli nüvə silahı hazırladığına dair heç bir sübut aşkar etməyib.
Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" qəzeti kəşfiyyat məlumatları ilə tanış mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, ABŞ-nin qiymətləndirmələrinə əsasən, İran son dövrdə heç bir yeni nüvə obyekti inşa etməyib. Qərb kəşfiyyat orqanları Tehranın uranı silah dərəcəsinə qədər zənginləşdirdiyinə və ya nüvə döyüş başlığı hazırlamaq üçün konkret addımlar atdığına dair heç bir əlamət tapmayıb.
Qəzet qeyd edir ki, bomba dərəcəli materialın istehsalı üçün yüksək səviyyəli zənginləşdirmə və ya real döyüş başlığı yaradılmasına yönəlmiş digər fəaliyyətlərə dair də dəlil yoxdur. Bildirilir ki, iyun ayında zərbə endirilən üç ərazidə saxlanılan zənginləşdirilmiş uran ehtiyatları, görünür, toxunulmamış vəziyyətdə qalıb.
"The New York Times" yazır ki, ABŞ-nin hesablamalarına görə, İran heç bir yeni nüvə obyekti tikməyib. Bununla belə, Nətənz və İsfahandakı iki yarımçıq qalmış obyekt ərazisində müəyyən fəaliyyət qeydə alınıb. İsrail və ABŞ kəşfiyyat qurumları iddia edir ki, 2025-ci ildə həyata keçirilən hərbi əməliyyatlar İranın nüvə proqramını təxminən 6 ay - 1 il geri salıb. Fordo obyektindəki sentrifuqaların isə hələ də işləmədiyi bildirilir.
Bu arada, Pentaqonun rəsmi qiymətləndirmələri ABŞ prezidenti Donald Trampın açıqlamalarından qismən fərqlənir. Tramp İranın nüvə potensialının tamamilə məhv edildiyini desə də, Milli Təhlükəsizlik Strategiyasında yalnız bu potensialın “əhəmiyyətli dərəcədə zəiflədiyi” vurğulanır.
Xatırladaq ki, 22 iyun 2025-ci il gecəsi Donald Tramp ABŞ-nin İranın İsfahan, Nətənz və Fordo şəhərlərində yerləşən üç nüvə obyektinə zərbə endirdiyini açıqlayıb. Hücum zamanı ABŞ ordusu GBU-57 bunker əleyhinə bombalarla təchiz edilmiş gizli B-2 Spirit strateji bombardmançı təyyarələrindən istifadə edib. Tramp daha sonra bu obyektlərin tamamilə məhv edildiyini bəyan edib.