azia.az
azia.az

İran hökuməti Avropaya qapını “açıq qoydu”

4-07-2019, 08:50


Həsən Ruhani: “Odu siz yandırdınız, siz də söndürün”
İran prezidenti Həsən Ruhani bəyan edib ki, iyulun 7-dən sonra İranın zənginləşdirilmiş uran səviyyəsi 3,67 faizi keçəcək. Ruhani deyib ki, artıq Tehran öhdəliklərdən imtina edir və istədiyi qədər uran istehsal edəcək.
İran hökuməti Avropaya qapını “açıq qoydu”
Nazirlər Kabinetinin toplantısında çıxış edən prezident Həsən Ruhani nüvə anlaşması və İranın atacağı addımlar barədə danışıb. İran prezidenti bildirib ki, Tehranın avropalı müttəfiqlərə verdiyi 60 günlük müddət iyulun 7-də başa çatır. Bundan sonra isə İran öhdəliklərdən imtina edib istədiyi qədər uran zənginləşdirəcək.

Qeyd edək ki, İranın 300 kiloqram zənginləşdirilmiş uran limitini keçməsi barədə məlumat iki gün əvvəl yayılıb. Artıq Beynəlxalq Atom Enerjisi Agentliyi də bu məlumatı təsdiqləyib. Həsən Ruhani deyib ki, 300 kiloqramlıq uran limitini keçiblər və bu proses davam edəcək. O deyib ki, əgər qarşı tərəf vədlərinə sadiq qalarsa, o zaman Tehran zənginləşdirilmiş uranı Rusiyaya sata bilər. Eyni zamanda o, 130 tonluq ağır su limitinin olmadığını, bu həcmin tezliklə 150 tona çatdırıla biləcəyini deyib.

Lakin İran prezidenti “hər şeyin sonu” olmadığını, geri addım atılmasının mümkün olduğunu deyib. Sitat: “Atdığımız bütün addımları bir il deyil, bir neçə saat ərzində əvvəlki vəziyyətinə qaytara bilərik. Nədən narahatsınız və nəyə əsaslanaraq etiraz edirsiniz? Nüvə anlaşmasının yaxşı və ya pis olması barədə bir qərar verin. Əgər yaxşıdırsa, hamımız öhdəliklərimizə sadiq qalaq”.

Həsən Ruhani deyib ki, iyulun 7-dək Avropa İttifaqı ölkələri nüvə anlaşmasında yer alan vədləri yerinə yetirərsə, o zaman İran Ərakdakı nüvə stansiyasını anlaşmadan əvvəlki vəziyyətinə gətirəcək. Həsən Ruhani Avropa ölkələrinin vədlərini reallaşdırmayacağı təqdirdə avropalıların təhlükəli dediyi plutonium istehsal edə biləcəyi şərtlərə geri dönəcəklərini deyib.

Eyni zamanda İran prezidenti Avropa Birliyi ölkələrinin, daha doğrusu, Almaniya, Britaniya və Fransanın hazırlayıb fəaliyyətə keçirdiyi İNSTEX proqramını tənqid edərək “içi boş kanal” adlandırıb. ABŞ prezidenti Trampın “İran odla oynayır” sözünə cavab verən Ruhani, “O odu siz yandırdınız, siz də söndürün. Bir halda ki, odla oynamanın təhlükəli olduğunu bilirdiniz, o zaman onu nədən yandırdınız? Odu söndürmək sizin əlinizdədir” deyib.

Xatırladaq ki, BMT-nin də vasitəçiliyi ilə 2015-ci ildə İran və “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya - K.R.) arasında “Əhatəli Ortaq Əməliyyat Planı” adlı anlaşma imzalanıb. Bu anlaşmaya əsasən İran yalnız dinc məqsədlər üçün yetəcək 3,67 faiz uran zənginləşdirmək hüququna malik olur və maksimum 300 kiloqram urana sahib ola bilər. Daha artıq zənginləşdirilmiş uranı isə Tehran beynəlxalq bazarda sata və əvəzinə təbii uran ala bilər. Eyni zamanda uranın zənginləşdirilməsi üçün vacib olan ağır suyu da yalnız 130 ton həcmində saxlaya bilər.

Bu il mayın 8-də prezident Həsən Ruhani anlaşmaya sadiq qalan 5 ölkəyə müraciət edərək müqaviləni qorumaq üçün 60 gün vaxt vermişdi. Həsən Ruhani bildirmişdi ki, anlaşmanın 26 və 36-cı maddələrinə əsasən embarqoların yenidən bərpa edilməsi və tərəflərdən birinin öhdəliyi yerinə yetirmədiyi halda İran nüvə anlaşmasındakı öhdəliklərin hamısından və ya bir qismindən çıxa bilər.

Mayın 15-də İran hökuməti nüvə anlaşmasının bəzi maddələrindən geri çəkildiyini elan edib. Rəsmi Tehran bəyan edib ki, uranın zənginləşdirilməsi və ağır su istehsalı üzərindəki məhdudiyyətlərdən imtina edir. Həsən Ruhani bildirib ki, anlaşmada iştirak edən digər ölkələrə İranın maraqlarını qoruyacaq addımlar atmaları üçün 60 gün müddət veriblər. Mütəxəssislərə görə, İran zənginləşdirilmiş uranın həcmini 1050 kiloqrama çatdıracağı halda nüvə silahı istehsalına başlaya bilər.

Qeyd edək ki, ABŞ prezidenti 2018-ci ilin mayında nüvə anlaşmasından çıxdıqdan sonra Tehran anlaşmada qalan digər 5 ölkəyə - Rusiya, Çin, Fransa, Almaniya və Böyük Britaniyaya müraciət edərək anlaşmaya sadiq qalmağa çağırıb. Bu ilin mayında da İran məhz Avropa ölkələrini anlaşmadakı öhdəlikləri yerinə yetirməyə çağırıb. Əks təqdirdə, nüvə fəaliyyətini davam etdirəcəyini bəyan edib. İranın son addımı, yəni zənginləşdirilmiş uran və ağır su həcmini artırması Avropa ölkələrinə təzyiq məqsədi daşıyır.

Ancaq Ruhaninin son açıqlaması İran hökumətinin hələ də “qapıları açıq” qoyduğunu göstərir. Tehran hətta minimal şərtlərdə belə anlaşmadan əvvəlki dövrə geri dönüləcəyi təqdirdə yenidən nüvə anlaşmasına sadiq ola biləcəyini açıqlayıb. Lakin Ruhanidən fərqli olaraq ölkənin dini lideri daha sərt xəttin tərəfdarıdır. Eyni zamanda ABŞ prezidenti də nüvə anlaşmasına geri dönmək fikrində deyil. Tramp yalnız yeni danışıqlara hazır olduğunu bildirir. Bu mənada indi iki barışdırıcı ünsür İran tərəfdən Həsən Ruhani kabineti, qarşı tərəfdən isə Avropa Birliyi ölkələri ola bilər.

Kənan RÖVŞƏNOĞLU,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi