azia.az
azia.az

"Bu görüş Rusiya-Ukrayna müharibəsinin gedişatına təsir edə bilər" - AÇIQLAMA

16-12-2025, 13:54

Xarici mənbələrin məlumatına görə, Berlində keçirilən görüşlər zamanı ABŞ və Ukrayna nümayəndə heyətləri münaqişənin tənzimlənməsi ilə bağlı bir neçə istiqamət üzrə ortaq mövqe formalaşdırıblar.

 

Bildirilib ki, tərəflər ayrı-ayrı məsələlər üzrə qarşılıqlı anlaşma əldə ediblər.

 

Bu razılaşma münaqişənin gələcək gedişatına necə təsir göstərə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Ülviyyə Zülfiqar Berlində ABŞ və Ukrayna nümayəndə heyətlərinin münaqişənin tənzimlənməsi ilə bağlı ortaq mövqe formalaşdırması ilə iki ölkə arasında siyasi koordinasiyanın davam etdiyini deyib.

 

Ü.Zülfiqarın fikrincə, bu cür görüşlər münaqişənin yalnız hərbi müstəvidə deyil, diplomatik kanallar vasitəsilə də müzakirə edildiyini ön plana çıxarır:

 

 

“Bu anlaşmalar münaqişənin gələcək mərhələsində mümkün sülh danışıqlarının konturlarını cızır və prosesin daha sistemli və planlı aparılmasına şərait yaradır. Berlində əldə olunan razılaşmalar eyni zamanda qarşı tərəfə yönəlmiş siyasi mesaj kimi də dəyərləndirilə bilər. ABŞ və Ukraynanın vahid mövqedən çıxış etməsi mövqelərin zəifləmədiyini və geri addımın gündəmdə olmadığını göstərir. Bununla belə, düşünürəm ki, bu razılaşmaların qısa müddətdə cəbhə xəttində ciddi dəyişikliklər yaradacağı ehtimalı yüksək deyil. Münaqişənin hazırkı mərhələsində təhlükəsizlik məsələləri əsas rol oynayır. Siyasi razılaşmalar isə daha çox orta və uzunmüddətli perspektiv üçün məna daşıyır”.

 

Politoloq eyni zamanda, bu görüşlərin Avropanın prosesdəki roluna da işarə etdiyini əlavə edib:

 

“Berlinin dialoq platforması kimi seçilməsi göstərir ki, Avropa münaqişənin tənzimlənməsində daha aktiv rol oynamaq niyyətindədir. Zənnimcə Berlində formalaşan ortaq mövqe münaqişənin dərhal həllinə gətirib çıxarmasa da, prosesin diplomatik müstəviyə daşınmaqda davam etdiyini göstərir. Bu isə qarşıdakı dövrdə siyasi danışıqların daha da intensivləşə biləcəyinə və münaqişənin gələcək gedişatına təsir edə biləcəyinə dair nikbinlik yaradır”.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi