azia.az
azia.az

Xəyanət, 16 bıçaq zərbəsi və yetim qalan... - TƏFƏRRÜATLAR

18-07-2023, 07:54

Azia.az xəbər verir ki, Lent.az məlum qətl hadisəsinin istintaq materiallarını əldə edib

İstintaqla müəyyən edilib ki, martın 13-ü saat 19 radələrində Saməddin Həsənov Binə qəsəbəsində yerləşən "Ümid yeri" xeyriyyə cəmiyyəti ictimai birliyinə məxsus binanın qarşısına gəlib. Giriş qapısının bağlı və içəri girməyin qadağan olmasına baxmayaraq, qanunsuz olaraq, hasardan həyətə tullanıb. Həyat yoldaşı Ülviyyə Həsənovanın mətbəx otağında uşaq əşyasını yuduğunu görərək, içəri keçib. Masanın üzərindən bıçağı götürüb arvadından söhbət etməklərindən ötrü otağdan çıxmasını tələb edib. Qısqanclıq zəminində yaranan münaqişə zamanı, bıçaqla 16 dəfə zərbə vuraraq, zərərçəkmişi qəsdən öldürüb.

İş üzrə dindirilmiş Saməddin Həsənov bildirib ki, 2010-cu ildə Ülviyyə ilə tanış olaraq evlənib. Birgə nikahdan onların 3 övladı dünyaya gəlib:

Saməddin Həsənov

"Binə qəsəbəsinin Südçülük sovxozunda fərdi evdə yaşayırdıq. Tez-tez aramızda ailə daxili münaqişələr baş verirdi. Ülviyyə sərbəst yaşamaq istədiyini deyərək, bir neçə dəfə Bərdə rayonuna, atasının evinə çıxıb, getdmişdi. Təxminən 5 ay əvvəl arvadım qadın problemi ilə əlaqədar 26 saylı xəstəxanada əməliyyat olunub. Əməliyyatdan əvvəl xəstəxanaya yerləşdirilən yoldaşımın yanına gedəndə, palatada onun mühafizəçi işləyən Əliyar Məlikzadə ilə öpüşdüyünü gördüm. Həmin vaxt mühafizəçi dərhal palatadan qaçdı, arvadım isə səhv hərəkət etdiyini və uşaqlara görə onu bağışlamağımı dedi. "102" xidmətinə zəng edib bu barədə məlumat verdim. Bununla əlaqədar 1-ci Polis Şöbəsində izahatımız alındı. Ülviyyəyə mobil telefon işlətməsini qadağan etdiyimə görə, o, mübahisə edib, növbəti dəfə rayona, atasının evində getdi. Bir həftədən sonra arvadımla əlaqə saxlayıb uşaqları görmək istədiyimi deyəndə, Ülviyyə mobil telefon alsam, mənimlə barışacağını söylədi. Buna görə yoldaşıma telefon aldım. Bərdəyə gedib, ailəmi evə gətirdim.

Təxminən 3 aydan sonra Ülviyyənin telefonunu götürüb yoxlayarkən onun "Whatsapp" proqramında bir oğlanla yazışdığını, həmin şəxsə çox sayda çılpaq şəkil və videogörüntülər göndərdiyini gördüm. Arvadım əvvəl hər şeyi inkar etdi. Lakin sonra mənimlə evlənməmişdən əvvəl həmin oğlanla sevgili və onunla bir neçə dəfə cinsi əlaqədə olduqlarını dedi. Ülviyyəni öldürmək istəsəm də, qohumlarım məni sakitləşdirib, boşanmağın ən yaxşı yol olduğunu bildirdilər. Sübut üçün arvadımın fotoşəkillərini qayınatamgilə də göndərdim. Bir gündən sonra Ülviyyə evdən çıxıb getdi. Polis şöbəsində ərizə yazaraq, guya mənim tərəfimdən döyüldüyünü bildirdi və sığınacağa yerləşdirilməsini istədi. Nəticədə Ülviyyəni Binə qəsəbəsində olan "Ümid yeri" uşaq sığınacağına yerləşdirdilər, sonra uşaqları da ora apardılar. Arvadımın şikayəti əsasında məni 3-cü Polis Bölməsinə dəvət etdilər. İzahatımda Ülviyyənin yazdıqlarının yalan olduğunu və məqsədinin məni tutdurub, sərbəst yaşamaq istəməsi olduğunu dedim. Hadisədən bir gün əvvəl mən, sığınacağa getdim və arvadıma şikayətini geri götürməsini, boşanıb, hər kəsin öz həyatını yaşayacağını bildirəndə, Ülviyyə mənimlə razılaşdı. Sığınacaqdan evə qayıdandan sonra Ülviyyənin valideynlərinə zəng edib, Bakıya gəlmələrini xahiş etdim. Martın 13-də onlarla birlikdə sığınacağa getdik. Söhbət zamanı Ülviyyə hətta valideynlərinə də qulaq asmadı və artıq hamıdan imtina etdiyini dedi".

Onlar sığınacaqdan çıxıb, getdikdən bir neçə saat sonra, o, yenə ora yollanıb. Hasardan tullanıb, mətbəxə keçib.

"Ülviyyənin yanında sığınacağa nəzarət edən qadın vardı. Həmin xanıma kənara çəkilməyini dedim və söhbət etmək üçün arvadımı həyətə çıxardım. Mətbəxdən götürdüyüm bıçaqla Ülviyyənin bədəninin müxtəlif yerlərinə çoxsaylı xəsarətlər yetirdim. Zərbələrdən arvadım yerə yıxıldı. Yoldaşımın qışqırıq səsinə sığınacaqda olan qadınlar yığışdı. Bıçağı kənara atıb, hasardan küçəyə tullandım və 102 xidmətinə zəng edib hadisə barədə məlumat verdim. Sonra təslim olmaq üçün bölməyə getdim".

Saməddin Həsənov əlavə edib ki, bıçaqla xəsarətlər yetirərkən niyyəti arvadını öldürmək olub. Ülviyyənin xəyanət və sonra yalandan barəsində şikayət etməsindən çox qəzəblənib. Qadın onunla söhbət etmək istəmədiyindən məcbur olub qanunsuz hasardan tullanaraq, sığınacağın ərazisinə daxil olub. Ülviyyə ona qulaq asmayaraq, yalnız sənəddə onun yoldaşı olduğunu, faktiki isə Vaqiflə yaşadığını deyib. Neçə bıçaq zərbəsi vurduğunu xatırlamır. Hadisə zamanı yanlarında kənar şəxslər olmayıb. Gödəkçəsinin qolu və ayaqqabısı Ülviyyənin bədənindən axan qana bulaşıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Sədrəddin İlyasov ifadəsində göstərib ki, mərhum Ülviyyə Həsənova onun doğma qızı olub:

"2010-cu ildə onun dayısı oğlu Saməddin Həsənovla ailə həyatı qurdu. Aralarında baş verən mübnahisələrə görə, qızım küsüb 1-2 dəfə rayona gəldi. Nəyə görə mübahisə etdiklərini soruşduqda, Ülviyyə ailə-məişət zəminində olan problemlər səbəbindən dalaşdıqlarını deyirdi. Amma bir müddət keçdikdən sonra Saməddin gəlib arvadını evə aparmışdı. Martın 9-da kürəkənim zəng vuraraq, Ülviyyənin başqa şəxslə yazışdığını, sonuncuya çılpaq şəkil və videolar atdığını dedi. Həmin şəkilləri mənim də telefonuma göndərdi. Ülviyyənin yazışdığı adam Beyləqan rayonunda yaşayırdı, adının "Akan" olmasını eşitmişdim. Saməddin arvadının həmin şəxslə vaxtı ilə sevgili olduğunu biləndən sonra, aralarında mübahisə yaranıb. Qızım sığınacağa yerləşdirilib, bundan əvvəl isə polis bölməsinə ərinin barəsində şikayət ərizəsi yazıb. Martın 13-də arvadımla birlikdə Bakıya gəldik. Kürəkənimlə sığınacağa gedərək, qızımdan ərizəsini geri götürməsini və evə qayıtmasını təklif etdik. Ülviyyə xəyanətinin üstü açıldığından Saməddinlə birlikdə yaşamağın mümkün olmayacağını, ona görə də heç yerə getməyəcəyini və boşanacağını dedi. Həmin vaxt Saməddin barışmağa meylli idi. Razılaşa bilmədiyimiz üçün sığınacaqdan çıxıb evimizə qayıtdıq. Həmin gün, mənə məlumat verdilər ki, kürəkənim arvadını qətlə yetirib. Buna görə, yenə Bakıya gəldim və qızımın meyitini Patoloji Anatomiya şöbəsindən təhvil alıb Bərdə rayonuna gətirdim. Hadisənin təfərrüatlarını bilmirəm". 



Ülviyyə Həsənova

Zərərçəkmiş qismində dindirilmiş Nigar Mənsimova ifadəsində göstərib ki, 25 ildir ki, "Ümid yeri" xeyriyyə cəmiyyəti ictimai birliyinin təsisçisi və idarə heyətinin sədridir:

"2022-ci il martın 11-də işdə olarkən polis əməkdaşları sığınacağa bir qadını və 3 azyaşlı qız uşaqlarını gətirdilər. Ülviyyə Həsənova əri tərəfindən döyüldüyünü, yola getmədiklərini və məcbur qalıb, övladları ilə ora gətirildiyini bildirdi. Bir gündən sonra Ülviyyə sığınacağın psixoloqu Könül Nurullayevaya əvvəllər sevdiyi oğlanla münasibətdə olduğunu, ərinin bunu bildiyini və bu səbəbdən mübahisələrinin yarandığını danışdı.

Həmin gün qadının yoldaşı Saməddin Həsənov sığınacağa gələndə, şəxsən özüm onu qarşıladım. Saməddin uşaqları ilə görüşüb, arvadına evə getməyi təklif edərək, övladlarına görə onu bağışladığını dedi. Ayın 13-də Saməddin qardaşı və Ülviyyənin valideynləri ilə sığınacağa gələrək, uzun müddət qadınla söhbət etdilər. Saməddin yoldaşına, onu öldürüb azadlığından məhrum olmaq və uşaqlarını yiyəsiz qoymaq istəmədiyini, boşanıb, övladlarına da özü baxacağını dedi. Saat 18 radələrində işdən çıxdım. 2 saatdan sonra sığınacaqda uşaqlara nəzarət edən İlhamə Ibrahimova mənə zəng edib, Saməddinin Ülviyyəni bıçaqla vurduğunu bildirdi. Dərhal təcili yardıma və polisə zəng edib bu barədə məlumat verdim. Sığınacağa çatanda, Ülviyyəni qan içində, həyətdə, uzanıqlı vəziyyətdə gördüm. Həkimlər artıq onun öldüyünü bildirdilər".

Ülviyyə Həsənova

Şahid İlhamə İbrahimova bildirib ki, sığınacaqda əsasən ailə problemləri yaşamış qadınlar məskunlaşıb:

"Özüm də 2 övladımla orda yaşayıram. Çünki keçmiş ərim spirtli içki aludəçisi idi. Martın 13-də mətbəx otağında qabları yığışdıran zaman, Ülviyyə kiçik qızının əşyasını yuyurdu. Həmin vaxt qəflətən mətbəx otağına Saməddin Həsənov daxil olaraq, qadının saçından tutub, onu çölə çıxartdı. Əri, polisə şikayət etdiyinə görə etirazını bildirərəkən, Ülviyyə sakit dayandı və cavab qaytarmadı.
Saməddinin əlində bıçaq görəndə, kəsici aləti mənə verməyini xahiş etdim. Əks halda sığınacağın müdirinə zəng vuracağımı bildirdim. Otağa girib Nigar xanıma zəng edərkən, Ülviyyənin qışqırdığını eşitdim. Həyətə çıxanda, qadını yerə yıxılmış vəziyyətdə gördüm. Əri hasardan tullanaraq qaçdı".

Şahid əlavə edib ki, sığınacaqda mühafizəçi yoxdur və orda olduğu müddət ərzində ilk dəfədir ki, kriminal hadisə baş verib.

Hadisənin törədildiyi bıçaq

Şahid Vaqif Nağıyev ifadəsində göstərib ki, adı Vaqif olsa da, yaxınları ona "Akan" deyə muraciət edirlər:

"Ülviyyə Həsənovanın əmisi ilə dostluq münasibətində olmuşuq və dostumun toyunda Bərdə rayonuna gəlib bəyin sağdışı kimi iştirak etmişdim. Ülviyyə həmin vaxt gəlinin yanında dayanmışdı, onu ilk dəfə elə həmin vaxt görmüşəm. Bu təxminən 10 il əvvəl olub. Bir-birimizdən xoşumuz gəldiyi üçün telefon vasitəsi ilə əlaqə saxlamağa başladıq. Bir neçə aydan sonra Ülviyyəgilə elçilərimi göndərsəm də, onun atası ailə qurmağımıza razılıq vermədi. Bir müddət sonra Saməddin adlı şəxsin Ülviyyə ilə evləndiyini eşitdim və həmin vaxtdan qızla ünsiyyətim olmadı. 2020-ci ilin payız aylarında "Instagram" şəbəkəsində tanımadığım xanım yazıb, nömrəmi istədi. Telefon nömrəmi verdikdən sonra, mənə zəng gəldi. Cavab verəndə, həmin xanımın Ülviyyə olduğunu bildim. Ülviyyə həyatından narazı olduğunu, Saməddinlə ailəsinin təkidi ilə ailə qurduğunu və mənimlə münasibət saxlamaq istədiyini söylədi. Bunun düzgün olmadığını anlasam da, özümdə də qadına qarşı istək olduğundan, onunla görüşməyə başladım. Oteldə cinsi əlaqədə olduq. Ülviyyə ilə ciddi münasibət qurmaq fikrim yox idi. Hətta Ülviyyəyə yaxın zamanda nişanlanacağımı demişdim. O, mənimlə yalnız subay vaxtı münasibət saxlayacağını, ailə qurduqdan sonra əlaqələri kəsəcəyini söylədi. Yaşadığım Beyləqan rayonundan Bakıya gəlib, Ülviyyə ilə görüşürdüm. Əksər vaxtlar telefonla yazışırdıq.

Dəfələrlə ondan intim xarakterli şəkillərini və videogörüntülərini göndərməsini istəmişəm. Axırıncı dəfə onunla martın 9-da əlaqə saxlamışıq. Həmin gün qadın çılpaq görüntülərini telefonuma atanda, əri yazışdığımızı öyrəndi. Daha sonra telefonuma başqa nömrədən mesajlar daxil oldu. Saməddin məni söyərək arvadı ilə münasibətimizdən xəbərdar olduğunu yazdı. Bir gündən sonra rayonda yaşayan qohumlarından, Ülviyyənin evdən qaçaraq, yoldaşından polisə şikayət etdiyini, ayın 14-də isə Saməddinin sığınacaqda arvadını qətlə yetirdiyini eşitdim".

Ülviyyənin meyiti

"Mobil telefona" baxış keçirilməsi protokolundan görünüb ki, Ülviyyə Həsənova Vagif Nağıyevə intim xarakterli fotoşəkillər və sinəsi açıq vəziyyətdə videogörüntü göndərib. Hər ikisi sevgi etirafları edərək, bir- birindən ötrü darıxdıqları barədə səs yazıları və mesajlar göndəriblər.

Məhkəmə iclasında Saməddin Həsənov ittiham üzrə özünü təqsirli bilərək, prokurorluqda verdiyi ifadəsini təsdiq edib və barəsində ədalətli qərar çıxarılmasını xahiş edib. Zərərçəkmiş şəxsin hüquqi varisi etdiyi hərəkətə təqsirləndirilən şəxsə bəraət qazandırmadığını, amma 3 azyaşlı uşağına görə ona qarşı şikayəti olmadığını bildirib.

Məhkəmə qənaətə gəlib ki, Saməddin Həsənovun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saməddin Həsənov cəzasını ciddi rejimli cəzaçəkmə müəssiəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi