azia.az
azia.az

İran müharibəsində Türkiyə halqası

4-10-2024, 23:00

İsrailin Yaxın Şərqdə keçirdiyi hərbi əməliyyatlar Türkiyə ilə münasibətlərdə gərginliyin artması ilə müşahidə olunur.

Hətta münaqişənin əhatə dairəsinin genişlənməsi Türkiyə və İsrail arasında diplomatik böhranın hərbi qarşıdurmaya keçməsinə gətirib çıxara bilər.

Xüsusilə də İsrail İrana qarşı müharibəyə başlayarsa bu, Türkiyənin sərt reaksiyasına səbəb olacaq. Rəsmi Ankara isə İsrailin Türkiyəyə qarşı ərazi iddiaları irəli sürdüyünü bildirir. 

Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bu məsələ ilə bağlı açıq mətnlə danışması ciddi müzakirələrə yol açıb.

“İsrail hakimiyyətinin bundan sonar göz dikəcəyi yer açıq deyirəm ki, bizim vətən torpaqlarımız olacaq”, - deyən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısının qeyd edilən açıqlaması Türkiyə cəmiyyətində narahatlıqla qarşılanıb. Ona görə də İsrail ordusunun Livan istiqamətində şimala doğru irəliləməsi, eyni zamanda, İranla müharibə ehtimalının hər gün artması Türkiyənin milli təhlükəsizliyinə təhdid yaradan proseslər kimi şərh edilir. 

İsrailin Türkiyəyə qarşı ərazi iddiları ilə bağlı deyilənlər iki amillə izah edilir. Bunların birincisi, İuadaizmdə, Xristianlıqda və İslamda mövcud olan “Vəd edilmiş torpaqlar” adlı  teokratik nəzəriyyədir.

Həmin anlayışa görə, Tanrı İbrahim peyğəmbərin nəslinə Misir çayından Fərata qədər olan ərazini vəd edir. Bu ərazilərə hazırkı İsrail, İordaniya, Livan və Suriya əraziləri daxildir. Lakin müasir geosiyasi proseslərin ideoloji  kontekstində “Vəd edilmiş torpaqlar”ın çoğrafi xəritəsi genişlənib. 

Buraya bütövlükdə Misirin Sina yarımadası, İraq, Küveyt, Türkiyənin cənub-şərq vilayətləri, İranın şimal-qərb hissəsi də əlavə edilib. İsrail-Fələstin münaqişəsi “Vəd edilmiş torpaqlar” məsələsinin aktuallığını saxlamağa şərait yaradır. 

Bir ildir davam edən İsrail-HƏMAS münaqişəsinin genişlənərək Livan, Yəmən, Suriya və İrana da yayılması Türkiyəni ciddi narahat edir. Yəni İsrail Yaxın Şərqdə İrana bağlı bütün proksi qüvvələri və silahlı qruplaşmaları məhv edərsə, Netanyahu hökumətinin rəsmi Tehranı münaqişəyə cəlb etməsi üçün əlverişli geosiyasi şəriat yarana bilər. 

Türkiyə isə bu halda Yaxın Şərqin xəritəsinin dəyişməsi ehtimalını özünün sərhədləri və ərazi bütövlüyü üçün təhlükə hesab edir. 

Digər variant İsrailin İran, İraq və Suriyada PKK ilə birlikdə “kürd zolağı” yaratmaq planları ilə bağlıdır. Rəsmi Ankara isə bunu Türkiyənin ərazisindəki terrorizmin və separatçılığın İsrail tərəfindən dəstəklənməsi kimi qəbul edir. Ona görə də İsrail ordusu Türkiyə sərhədlərinə yaxınlaşarsa, Ankaranın buna cavabı çox sərt ola bilər. 

Bu baxımdan, İsrail Türkiyənin ərazi bütövlüyünə və sərhədlərinə təhlükə yaratmayacağına dair zəmantə verməlidir. Əks təqdirdə, bölgədə gərginliyin artması ilə əlaqədar Türkiyə və İsrail arasında qarşıdurma yeni mərhələyə daxil ola bilər. 

Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, İsrail-Türkiyə münasibətlərinin gələcək vəziyyəti Yaxın Şərqdə baş verən mövcud proseslərdən asılıdır:

“Bu ilk növbədə, İsrail və İran arasında hadisələrin hansı istiqamətdə inkişaf edəcəyinə bağlıdır. Mən İsrailin İranla birbaşa müharibəyə başlayacağına inanmıram. Bu müharibə ehtimalı aşağıdır.

Çünki həm İran, həm də İsrail müharibənin qlobal mənada və region üçün ciddi fəsadlara gətirib çıxaracağını anlayır. Ona görə də bölgədə marağı olan dövlətlər belə, bir toqquşmanın olmasını istəmir. Hazırda müzakirə olunan məsələ İsrailin İrana hansı istiqamətdə və necə cavb zərbəsi vuracağı ilə bağlıdır. Burada biz iki istiqaməti görə bilərik.

Birincisi, İsrail İranın dəstəklədiyi proksi qüvvələrə qarşı hərbi əməliyyatları gücləndirəcək. Bu əməliyyatlar Livanda və Suriyada davam edir.

İkincisi, İranın müəyyən hərbi və enerji obyektlərinə zərbə eündirə bilər ki, bu hədəflərə nüvə obyektlərinin daxil olacağı ehtimalı çox aşağıdır. 

Çünki Qərb və ABŞ da buna qarşıdır. İsrail İranın neft və qaz yataqlarına, yanacaq anbarlarına zərbələr endirə bilər. Lakin İran və İsrail arasında birbaşa müharibə baş verməsə, bu münaqişənin yaxın və orta gələcəkdə Türkiyənin ərazisinə keçməsi ehtimalı yoxdur. 

Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı daha çox “Vəd edilmiş torpaqlar” adlı xəritə ilə bağlıdır. Çünki həmin xəritədə Türkiyənin cənub-şərq əraziləri də əks olunub. İsrailin indiki vəziyyətdə Türkiyə ilə münaqişəyə girməsi real deyil.

Əks təqdirdə, bu, İsrailin özünə qəsd etməsi demək olar. İsrail İranla münasibətlərdə ABŞ-nin dəstəyinə ümid edir. Amma Türkiyə ilə münasibətlərdə bu dəstək mümkün deyil. Çünki İsrail Türkiyənin NATO dövləti olduğunu unutmamalıdır. 

İsrail üçün Türkiyə torpaqlarına müdaxilə etmək intihara bərabərdir. Yaxın və orta gələcəkdə İsrail Türkiyə sərhədlərinə yaxınlaşmağa cəhd edə bilər. Bu isə Türkiyənin sərt cavab addımına səbəb olacaq. İsrailin Türkiyəyə yaxınlaşması daha çox həmin bölgədə kürd zolağı yaradılması ssenarisi ilə bağlıdır. 

İsrailin Qırmızı dənizdə və Kiprlə bağlı aktivliyinin artması müəyyən bir zəncirin halqaları sayılmalıdır. Ancaq İsrail Türkiyəyə birbaşa müdaxilə etməz. Artıq Türkiyə Yaxın Şərqdə baş verənlərə sərt şəkildə münasibətyini bildirib.

Hesab edirəm ki, proseslər sakitləşdikdən sonra Qərbin vasitəçiliyi ilə Türkiyə və İsrail arasında dialoqun baş tutması mümkün olacaq”.

Xatırladaq ki, 2017-ci ildə ABŞ başda olmaqla Qərb İraqın və Suriyanın şimalı ilə Aralıq dənizinə qədər “kürd zolağı”nın yaradılması planını reallaşdırmağa çalışsa da, Türkiyə bölgə dövlətləri ilə vahid mövqe ortaya qoyaraq bu prosesi pozmağa nail oldu.

İndi İsrailin əməliyyatlara başlaması fonunda “kürd zolağı” məsələsi yenidən gündəmə gəlib. İsrailin bu istiqamətdə hər hansı addımlar atması Türkiyənin siyasi və hərbi müqaviməti ilə qarşılaşa bilər. 

Vüqar Zifəroğlunun sözlərinə görə, Yaxın Şərqdə geosiyasi reallıqların fərqli olması “kürd zolağı”nın yaradılmasına imkan vermir. Ona görə də bu regionun xəritəsini dəyişmək asan deyil. 

Ekspert onu da bildirib ki, İsrailin apardığı hərbi əməliyyatlar  Türkiyə-Suriya münasibətlərinin normallaşmasına gətirib çıxara bilər:

“Bu da İsrailin Suriya ərazisinə hücum ehtimalı ilə bağldır. 

Xüsusilə də İsraili ordusunun Suriyanın şimal sərhədlərinə çıxış planlarının olması barədə məlumatlar Ankara və Dəməşqi bir araya gətirə bilər.

Bu halda Türkiyə öz sərhədlərini müdafiə etməklə yanaşı, İranın bölgədən çıxarılması fonunda Suriyanın ərazi bütövlüyünün təminatçısına çevrilə bilər.

Türkiyə və Suriya arasında müəyyən loyallaşmanın şahidi ola bilərik. İndiyə qədər bir neçə dəfə Rusiyanın vasitəçiliyi ilə Türkiyə və Suriya arasında dialoqun qurulmasına cəhd edilib.

Lakin İran amilinin kənarda qalması ilə əlaqədar bu görüşlər baş tutmayıb. İndi isə geosiyasi mənzərə dəyişib və bu dialoqun qurulmasında İran özü də maraqlı ola bilər”. 

Müşfiq Abdulla 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi