azia.az
azia.az

Tramp “Mavi Mərmərə” yumşalmasını belə alovlandırdı -“İbrahim razılaşması” İranı “sındıracaq”? - SENSASİON MÜSAHİBƏ

21-08-2022, 15:48

Tramp “Mavi Mərmərə” yumşalmasını belə alovlandırdı -“İbrahim razılaşması” İranı “sındıracaq”? - SENSASİON MÜSAHİBƏ
17 avqustda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Yair Lapid ilə telefon danışığında Türkiyənin Tel-Əvivə səfir təyinatı məsələsinin yaxın vaxtlarda həll olunacağını bildirdi. Bundan 2 gün sonra isə Türkiyə və İsrail prezidentləri arasında telefon danışığı baş tutdu.

Avqustun 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər etdi. Ərdoğan Lvov şəhərində BMT baş katibi Antonio Quterreş və ukraynalı həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirdi. Lvovda Zelenski və Ərdoğanın iştirakı ilə Türkiyənin Ukraynanın infrastrukturunun müharibədən sonra bərpasında iştirakını nəzərdə tutan anlaşma memorandumu imzalandı. Eyni zamanda Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Qara dəniz boyu taxılın beynəlxalq bazarlara təhlükəsiz ixracı ilə bağlı İstanbul sazişi təkcə Ukraynada deyil, bütün dünyada müsbət təsir göstərir. Ərdoğan bəyan etdi ki, Türkiyə Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçi olmağa hazırdır.

Bir gün sonra Türkiyə lideri jurnalistlərə açıqlamasında bildirdi ki, Misirlə sülhün ən yaxın zamanda təmin olunmasını arzulayırıq.

Sözügedən məsələlərlə bağlı BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun Musavat.com-a müsahibəsini təqdim edirik:

- Ərdoğan-Zelenski görüşünə necə şərh verərdiniz?

- Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək Türkiyə münaqişənin sülh yolu tənzimlənməsi istiqamətində konkret əməli addımları ilə və müharibənin doğurduğu acı nəticələrin aradan qaldırılması istiqamətində verdiyi real töhfələrlə fərqlənməkdədir. İstər Türkiyənin münaqişə edən tərəflər arasında vasitəçilik missiyasını yerinə yetirməsi, istərsə də taxıl böhranının aradan qaldırılması istiqamətində atdığı real addımlar və əldə edilən müsbət nəticələr buna əyani sübutdur. Həm Rusiya, həm də Ukrayna tərəfinin rəsmi Ankaraya olan etimadı da çox önəmli faktor kimi qiymətləndirilməlidir. Türkiyə yalnız bu iki tərəf arasında münaqişənin nizamlanması prosesində olduqca vacib rol oynamayıb, eyni zamanda məsələn, Rusiya ilə Qərb arasında faktiki olaraq yeganə və sağlam körpüdür. Məhz bu amil taxıl probleminin həllində ciddi məqam oldu.


Bir neçə gün bundan əvvəl Lvovda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri Volodimir Zelenski arasında 1 saat davam edən ikitərəfli və ardınca da BMT baş katibi Antonio Quterreşin də iştirakı ilə 40 dəqiqəlik üçtərəfli görüşlər də bir sıra ciddi və önəmli məqamlarla yadda qaldı.

b030d472-a79e-315b-b762-6a92d91327a8_850.jpg (102 KB)

Türkiyənin bu görüşlərə kifayət qədər önəmli heyətlə qatılması müzakirə masasında bir çox məsələləri əhatə edəcək geniş proqramın olduğunu göstərməkdə idi. Təsadüfi deyil ki, görüşdən sonra verilən açıqlamalar da çoxşaxəli oldu və müxtəlif spektrləri əhatə etməsi baxımından ciddi maraq doğurdu. İstər Ukrayna və Türkiyə arasında bərpa məsələləri üzrə birgə işçi qrupunun yaradılması, istərsə də taxıl dəhlizi məsələsinin müzakirəsi, Türkiyə prezidentinin verdiyi açıqlamalar diqqətdən kənarda qala bilməz. Ərdoğanın Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini birmənalı şəkildə bir daha vurğulaması ilə paralel, tərəflər arasında vasitəçi olmağa hazır olduqlarını bildirməsi də olduqca önəmlidir.


- Rəcəb Tayyib Ərdoğan Türkiyə-Misir münasibətlərinin normallaşmasını istəyir.

- 2013-cü ildə Misirdə Mursi iqtidarının devrilməsi ilə nəticələnən hərbi çevrilişdən sonra bu ölkənin Türkiyə ilə münasibətlərində kifayət qədər gərginlik yaranmışdı. Hətta sonrakı dönəmlərdə Birləşmiş Ərəb Əmirlikləri və Misirin rəhbərliyi ilə Türkiyəyə qarşı “ərəb koalisiyası”nın (Liviya, Bəhreyn və Omanın da iştirakı ilə) yaranmasının şahidi olmuşduq. Rəsmi Qahirə 2020-ci ilin yay aylarında Liviyada aktivləşən daxili müharibə zamanı da Türkiyənin dəstəklədiyi rəsmi iqtidara deyil, qarşı tərəfə açıq dəstəyini ifadə etdi. O cümlədən Şərqi Aralıq dənizi böhranında Yunanıstanı dəstəklədiyini bildirməsi və hətta bununla bağlı müəyyən addımların atılması (2020-ci ildə Qahirə ilə Afina arasında Şərqi Aralıq dənizini də əhatə edən qismən delimitasiya sazişinin imzalanması) Türkiyə ilə münasibətlərdə kifayət qədər gərginliklər yaratdı.



Lakin 2021-ci ilin ikinci yarısından etibarən bu iki ölkə arasında münasibətlərin nisbətən daha yumşaq və loyal məcraya keçdiyinin şahidi olmaqdayıq. Keçən ilin may, sentyabr və dekabr aylarında tərəflər arasında nazirlər səviyyəsində müxtəlif formatlarda görüşlərin keçirilməsi hər iki ölkənin münasibətləri normallaşdırma mərhələsinə daxil etməkdə maraqlı olduqlarının göstəricisi idi. Bu dövrdə Misir Ankaranın Liviyadakı aparıcı rolunu qəbul etməklə yanaşı, Liviya siyasətində əhəmiyyətli dəyişikliklər etdi. Liviyalıları sülh danışıqlarına başlamaq çağırışları ilə paralel, müxalif Xəlifə Haftar qüvvələrinə münasibətini dəyişdi. Bundan əlavə, Misir Ankaranın elan etdiyi kontinental şelf koordinatlarını qəbul etdiyini bəyan edərək, Şərqi Aralıq dənizində bəzi mümkün tənzimləmələr üçün Türkiyənin qapısını açdı.

- İki ölkə arasındakı yaxınlaşma hansı nəticələri verəcək?

- Hazırda hər iki ölkə arasında mümkün ola biləcək yaxınlaşma əslində təkcə Şərqi Aralıq dənizi böhranında önəmli müsbət dəyişikliklərə təkan verməyəcək, eyni zamanda pandemiyadan sonrakı və Rusiya-Ukrayna müharibəsi fonunda daha da ciddi forma almaqda olan iqtisadi kataklizmlərin müəyyən mənada neytrallaşmasına səbəb olacaq. Hər iki ölkənin əsasən indiki dönəmdə buna ciddi ehtiyacı var. Şərqi Aralıq dənizində Türkiyə və Misir arasında yurisdiksiyanın məhdudlaşdırılması əhəmiyyətli dəyişikliklərin açarıdır. Məhdudiyyət Türkiyənin öz hüquqlarını qoruması ilə yanaşı, Misirə 15 000-26 500 kvadratmetr arasında bir sahəyə zəmanət verir. Belə bir vəziyyət isə regionun digər ölkələrini ikitərəfli razılaşmalar yerinə kollektiv həll yolları axtarmağa sövq edə bilər. Üstəlik, “EastMed” layihəsinin əvəzinə İsraillə Türkiyə arasında inşa ediləcək boru kəməri qazın Avropaya nəqli ilə regionun potensialını ortaya çıxara bilər ki, burada Misirin də önəmli payı və rolu olacaq.



Bu mənada Türkiyə Şərqi Aralıq dənizində Misir və İsraillə əməkdaşlıq qurmaq üçün ciddi səy göstərməkdədir.

- Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin İsrailə səfirinin təyinatı ilə bağlı qərar tezliklə veriləcək. Ərdoğanla İsrail prezidenti İsaak Hersoq arasında telefon danışığı da olub.

- 2010-cu il mayın 31-də baş verən “Mavi Mərmərə” qətliamı münasibətlərin ən böyük qırılma nöqtələrindən biri idi. İsrail Qəzza blokadasını yarmaq üçün humanitar yardım daşıyan karvana beynəlxalq sularda müdaxilə etdi. Nəticədə 10 Türkiyə vətəndaşı həlak oldu. Türkiyə insidentdən sonra səfirini Tel-Əvivdən geri çağırmaqla yanaşı, İsraildən dərhal üzr istəməsini, həlak olanların ailələrinə təzminat ödəməsini və Qəzzaya qarşı blokadanın aradan qaldırılmasını tələb etdi. İsrailin heç bir addım atmamasından sonra Türkiyə münasibətləri minimum səviyyəyə endirdi. Ankara diplomatik nümayəndəliyi müvəqqəti işlər vəkili vəzifəsinə endirdi və bütün hərbi müqavilələri dayandırdı.



22 mart 2013-cü ildə İsrailin baş naziri Benyamin Netanyahunun prezident Rəcəb Tayyib Ərdoğana zəng etməsi və İsrail adından “Mavi Mərmərə” qətliamında insan itkisi və yaralananlara görə türk xalqından üzr istəməsi münasibətlərdəki gərginliyi bir qədər aradan qaldırdı. 2016-cı ildə Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında iki ölkə arasında “Təzminatla bağlı Prosedur Sazişinin Təsdiq edilməsinə dair Qanun layihəsi”nin qəbulu və sonrakı mərhələdə həmin ilin sentyabrında İsrailin “Mavi Mərmərə” hadisəsində yaxınlarını itirən ailələrə 20 milyon dollar təzminat ödəməsi, Türkiyənin göndərdiyi humanitar yardımların Qəzzaya çatdırılmasına şərait yaradılması da münasibətlərin normallaşma mərhələsinə keçməsində önəmli rol oynadı.

Lakin ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2017-ci il dekabrın 6-da Qüdsü “İsrailin paytaxtı” kimi tanıması, 2018-ci il mayın 14-də isə ölkəsinin səfirliyini rəsmi olaraq Tel-Əvivdən Qüdsə köçürməsi regionda yenidən gərginliyə səbəb oldu və bu iki ölkənin münasibətlərinə də neqativ təsirini göstərmiş oldu.



Prezident Ərdoğan ilə 7 iyul 2021-ci ildə vəzifəyə başlayan İsrailin yeni prezidenti İsaak Hersoq arasında inkişaf edən dialoq isə 4 il sonra Türkiyə ilə İsrail münasibətlərinin yenidən normallaşmasına səbəb olan ciddi addım oldu. Nəticədə İsrail prezidenti Hersoqun 9-10 mart tarixlərində Türkiyəyə səfəri zamanı ikitərəfli münasibətlər bütün aspektləri ilə nəzərdən keçirilib. Hersoq 2008-ci ildən sonra Türkiyəyə səfər edən ilk İsrail lideri olub.



Yaxın Şərqin bu iki önəmli, kilid ölkəsi arasında münasibətlərin yenidən yaxşılaşması təkcə sözügedən ölkələrə deyil, bütünlükdə regiona öz müsbət təsirini göstərə biləcək əhəmiyyətə malikdir. Bir neçə gün öncə iki ölkə lideri arasında baş tutmuş telefon danışığı da bu mənada olduqca əhəmiyyətlidir. Həm Türkiyə, həm də İsrail Yaxın Şərqin olduqca vacib ölkələridir. Fələstin problemi və Şərqi Aralıq dənizi böhranının həll edilməsinə böyük töhfə verə biləcək bu münasibətlərin yaxınlaşmasında maraqlı olmayan qüvvələr də kifayət qədərdir.

Çin və Rusiya ilə getdikcə dərinləşən güc mübarizəsi fonunda ABŞ-ın Yaxın Şərqə təsirinin zəifləməsi qənaəti region ölkələrini öz aralarında münaqişə nöqtələrini azaltmaqla münasibətlərini şaxələndirməyə sövq edir. Digər tərəfdən, hazırkı mövqeyi ilə qaçılmaz görünən nüvə İranı ilə qonşuluq ehtimalı da region ölkələrini təhlükəsizlik məsələlərində əməkdaşlığa vadar edir. Bu mənada “İbrahim razılaşması” (Müqavilə 2020-ci il sentyabrın 15-də Vaşinqtonda Amerika prezidenti Donald Trampın iştirakı ilə İsrailin baş naziri Benyamin Netanyahu ilə BƏƏ xarici işlər naziri Abdullah bin Zayed əl-Nəhlan və Bəhreynin xarici işlər naziri Əbdüllətif əl-Zəyəni arasında imzalanıb. Müqavilədə Hz. İbrahimin yəhudilərlə ərəblərin ortaq əcdadı olduğu vurğulandıqdan sonra bölgədəki müsəlmanlar, xristianlar və yəhudilər arasında sülhün vacibliyi dilə gətirilir) Türkiyənin İsrail və Ərəb dünyası arasında dialoq təminatçısı rolunu, onun faydalı mövqeyini zəiflədə bilər. Bununla belə, həm əhalisinin əksəriyyətinin müsəlman olması, həm NATO üzvü olması, həm də geosiyasi mövqeyi (İsrailin rəqibləri İran və Suriya ilə qonşu olması) Türkiyəni İsrailin gözündə mühüm müttəfiqə çevirməyə davam edəcək. Bu, İsrailin münasibətlərin kəskinləşdiyi vaxtda belə dialoq kanallarını niyə həmişə açıq saxladığını və Ankaranın son müsbət mesajlarına eyni tərzdə cavab verməsini izah edir. Məhz İsraillə münasibətlərə də bu kontekstdən yanaşmaq lazımdır.



- Türkiyə və İsrailin Yaxın Şərqdə maraqları üst-üstə düşür?

- Regionun ərəb olmayan üç ölkəsindən ikisi - Türkiyə və İsrailin Yaxın Şərqdə təhlükəsizlik və sabitliyə əsaslanan nizamın yaradılmasında maraqları geniş şəkildə üst-üstə düşür. Normallaşma addımları, o cümlədən Türkiyə-İsrail münasibətləri Türkiyənin orta uzunmüddətli perspektivdə Şərqi Aralıq dənizində ABŞ-ın dəstəklədiyi təhlükəsizlik formatına qoşulmasına yol açacağından xəbər verir, bu istiqamətdə diplomatik təşəbbüslər həm Vaşinqton, həm də Londondan dəstək alır. Sonrakı dövrdə Türkiyənin İsrail, Misir və BƏƏ ilə əlaqələrini gücləndirməsi Şərqi Aralıq dənizində təsir dairəsinin daha da genişlənməsinə səbəb ola bilər. Ankara hökuməti bütün region ölkələri ilə münasibətlərinə yenidən baxaraq Şərqi Aralıq dənizində mövqelərini möhkəmləndirmək istəyir. Türkiyənin bu addımları Şərqi Aralıq dənizində Yunanıstan və Yunan Kipr Administrasiyasının manevr imkanlarını tam məhdudlaşdırmaqla yanaşı, onların bölgədə təsir imkanlarını da neytrallaşdırmaqdadır. Şübhəsiz ki, yunan tərəfi bu təhlükələri görməkdədir. Son Yunanıstan-Türkiyə gərginliyi də məhz birincilərin son baş verən proseslərdən necə narahat olduğu kontekstində dəyərləndirilməlidir.



- İsrailin Həmasla dialoqunun qurulmasına Türkiyə hansı töhfəni verə bilər?

- Türkiyə və İsrail ticarət, kəşfiyyat mübadiləsi, enerji əməkdaşlığı və hərbi müdafiə kimi bir çox sahədə əməkdaşlığı inkişaf etdirməklə qarşılıqlı fayda əldə edəcəklər. Əslində, son 10 ildə iki ölkə münasibətlərini kompaktlaşdırmağa nail olub və beləliklə siyasi böhranlara baxmayaraq, ikitərəfli ticarət həcmi artmaqda davam edib. Rusiya-Ukrayna müharibəsinin gətirdiyi yeni reallıqlar bölgə ölkələrini yeni şərtlər daxilində hərəkət etməyə və məsələlərə yanaşmağa vadar edir. Bu mənada təbii qazın Avropaya nəqli olduqca önəmli faktordur. İsraillə Türkiyə arasında inşa ediləcək boru kəməri isə qazın Avropaya nəqlində önəmli dönüş yarada bilər.

Başqa məqam Fələstin problemində İsrailin Həmasla dialoqunun qurulmasında Türkiyənin verə biləcəyi töhfələrdir.



İndiyədək bu dialoqda vasitəçilik missiyasına Misir üstlənmiş olsa da, əsasən Həmasın Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə münasibətləri getdikcə zəifləməkdədir. Bunun əksinə olaraq Türkiyənin vasitəçiliyinin İsraillə münasibətlərin normallaşmasına kifayət qədər təsir göstərə biləcəyini Həmas liderləri də bildirməkdədir.

Aytən Novruz
Musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi