Tbilisinin mərkəzində Gürcüstan və gürcüləri TƏHQİR EDƏN Rusiya vətəndaşı SAXLANILDI - VİDEO
Səfərbərlikdən qaçan Rusiya vətəndaşı Tbilisinin mərkəzində Gürcüstan və gürcüləri təhqir edib.
Azia.az xəbər verir ki, noyabrın 6-da Tbilisinin mərkəzində polis əməkdaşları Gürcüstan və gürcüləri təhqir edən Rusiya vətəndaşını saxlayıblar.
Tbilisi Şəhər Məhkəməsi onu xırda xuliqanlıq və polis əməkdaşına tabe olmamaq üçün cərimələyib, baxmayaraq ki, bu maddələr daha sərt cəza – inzibati həbs nəzərdə tutur. Gürcüstan müxalifəti rusiyalının ölkədən çıxarılmasını tələb ediblər. Onun Vladimir Putinin yaxın çevrəsindən olan rus oliqarxının oğlu olduğunu bildiriblər.
Tbilisinin mərkəzində Gürcüstanı və onun vətəndaşlarını təhqir edən Pavel Kopılkov “Netgazeti”yə müsahibə verərək, öz hərəkətinə görə üzr istəməyə çalışıb. O, ictimai çıxışının motivlərini aydın izah edə bilməyib.
“Üzr istəmək istəyirəm. Heç vaxt belə düşünməmişdim, indi də düşünmürəm. Məntiqli səbəb göstərə bilmirəm. Əsəb böhranı keçirdim və sadəcə çox pis bir şey etmək istədim. ağlıma gələn ilk dəhşətli şey bu oldu”, – Kopılkov deyib.
O, jurnalistlərə bildirib ki, 2021-ci ildən Gürcüstanda səfərdədir, bu ilin aprelindən ölkədə yaşayır. Lakin hadisədən sonra oranı tərk etmək qərarına gəlib. O, məhkəmənin ona təyin etdiyi cərimənin məbləğini də açıqlayıb – 3000 lari (təxminən 1107 dollar).