azia.az
azia.az

"ABŞ Səudiyyəyə mümkün hücum xəbərindən sonra İran yönündə təyyarələr göndərib"

6-11-2022, 10:36


ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Tehranın Səudiyyə Ərəbistanına hücum hazırladığına dair məlumat aldıqdan sonra İran istiqamətində təyyarələr yönləndirib.

Xəbər verilir ki, bu barədə ABŞ-ın “The Washington Post” qəzeti öz mənbələrinə yazıb.

Bildirilib ki, operativ məsuliyyət zonasına digər məsələlərlə yanaşı Yaxın Şərqi də daxil edən CENTCOM kəşfiyyat məlumatlarını əldə etdikdən sonra Kəngər körfəzi bölgəsində yerləşən döyüş təyyarələrini İran istiqamətində göndərib. Həmin məlumatlarda Səudiyyə Ərəbistanındakı hədəflərə qarşı “İranın ballistik raketləri və pilotsuz uçuş aparatlarının hazırlandığına” dair iddialar yer alıb. Qəzetin qeyd etdiyi kimi, krallıqda yerləşən ABŞ Silahlı Qüvvələri və Səudiyyə ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Hadisənin tam olaraq nə zaman baş verdiyi dəqiqləşdirilməyib.

Nəşr yazıb ki, İran yönündə təyyarələrin göndərilməsi “hərbi güc nümayişi” və müdafiə sahəsində ABŞ-Səudiyyə “tərəfdaşlığının əhəmiyyətinin illüstrasiyası” idi.

“CENTCOM Səudiyyə Ərəbistanı ilə çoxilli strateji hərbi tərəfdaşlığımıza sadiqdir. Biz əməliyyatın təfərrüatlarını müzakirə etməyəcəyik”, - Komandanlığın sözçüsü Co Buççio nəşrə deyib.

Qəzet xatırladıb ki, Birləşmiş Ştatların təyyarələrin “hansı yerdən havaya qalxdığı göstərilməsə də, Səudiyyə Ərəbistanında “F-22” qırıcıları da daxil olmaqla, regionda əhəmiyyətli hava aktivləri var”. Ağ Ev nəşrin məlumatını şərh etməkdən imtina edib.

“The Washington Post” bu olayı ABŞ administrasiyasının “OPEC+” neft hasilatını azaltmaq qərarından sonra pisləşən ABŞ-Səudiyyə münasibətlərini xilas etmək istədiyinin təsdiqi kimi göstərir.

“Biz münasibətləri kəsirik? Xeyr. Bizim neft bazarının vəziyyəti və dünya iqtisadiyyatı ilə bağlı əsaslı fikir ayrılıqları var idi və biz baş verənləri təhlil edirik”, - mənbə nəşrə bildirib.

Səudiyyə Ərəbistanında təxminən 2 500 ABŞ hərbi qulluqçusu var ki, onların çoxu kəşfiyyat fəaliyyəti və yerli qüvvələrin təlimi ilə məşğuldur. ABŞ krallığın silah sistemlərinin təxminən dörddə üçünü təmin edib.

Xatırladaq ki, noyabrın 1-də “Reuters” agentliyi ABŞ-ın İrandan Səudiyyə Ərəbistanına mümkün hücumdan narahat olduğu, ehtiyac olduğu təqdirdə cavab tədbiri görməyə hazır olduğuna dair məlumat yaymışdı. Noyabrın 2-də İran Xarici İşlər Nazirliyi ölkənin Səudiyyə Ərəbistanına hücuma hazırlaşdığına dair məlumatları təkzib edib.“Report” 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi