Qırğızıstan parlamentinin keçmiş spikeri HƏBS EDİLDİ
Bişkekin Pervomayski rayon məhkəməsi Qırğızıstan parlamentinin keçmiş spikeri Kanatbek İsayevi həbs edib.
Azia.az “İnterfaks”a istinadən xəbər verir ki, o, noyabrın 23-dək Dövlət Milli Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasında saxlanılacaq.
Məlumata görə, keçmiş spiker Kempir-Abad su anbarının Özbəkistana verilməsinə qarşı kütləvi iğtişaşların təşkilində şübhəli bilinir.
Bildirilib ki, cinayət işi çərçivəsində 17 nəfər 48 saat müddətinə müvəqqəti saxlama təcridxanalarına göndərilib. Onların arasında keçmiş deputatlar Ravşan Jeenbekov, Asiya Sasykbaeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi Klara Sooronkulova, Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Gülnarə Jurabayeva, keçmiş baş prokuror Azimbek Beknazarov və digər siyasətçilər var.
Daxili İşlər Nazirliyinin məlumatına görə, iş üzrə təqsirləndirilən şəxslər hökumətin sonradan devrilməsi üçün iğtişaşlar hazırlayıblar.
Qeyd edək ki, oktyabrın əvvəlində Qırğızıstan parlamentinin beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsi Özbəkistanla sərhədin delimitasiyası və demarkasiyasına dair saziş layihəsini dəstəkləyib. Bu sənədə əsasən, Qırğızıstan Özbəkistana sahəsi 4,5 min hektara yaxın olan Kempir-Abad su anbarının altındakı torpaqları verir və 19,7 min hektar başqa torpaq sahəsi alır. Su anbarını Qırğızıstan və Özbəkistanın birgə idarə edəcəyi iddia edilir.
İqbal Rzayev,