Ukraynada müharibənin davam etməsində kim maraqlıdır - PUTİN, yoxsa BAYDEN?
"Hələlik nüvə silahının istifadəsilə müşayiət olunan müharibənin astanasında deyilik. Həm Qərb, həm də Rusiya məqsədlərinə çatmaq üçün hazırkı vəziyyətə bel bağlamaqda davam edirlər".
Xəbər verilir ki, bunu bizim.media-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Ukrayna hadisələri fonunda ABŞ Prezidenti Co Baydenlə, Rusiya Prezidenti Vladimir Putinin bir-birinə qarşı son hədələrini dəyərləndirərkən deyib:
"Hədələr sadəcə ondan ibarətdir ki, ABŞ-ın Ukraynaya 300 km-lik məsafəni vura bilən raket sistemlərini vermək niyyəti Rusiyanı narahat edib. Çünki bu raketlər Rusiya ərazisinin dərinliyində olan hərbi infrastrukturu məhv edə bilər.ABŞ-da da bəzi siyasətçilər bunu Rusiya üçün qırmızı xətt kimi dəyərləndirirlər. Zelenski və Blinken isə çıxışlarında bəyan ediblər ki, bu silahlarla Rusiya ərazisinə zərbə endirilməyəcək. Amma problem ondadır ki, Krım kimi bir sıra əraziləri Ukrayna öz ərazisi hesab etsə də, Rusiya başqa cür düşünür.
Qərb birdirib ki, onlar müharibəyə birbaşa qoşulmayacaqlar. Ancaq silah verəcəklər. ABŞ Ukraynaya yeni silahların verilməsi barədə məlumatları əvvəl nümayiş etidirir, Rusiyanı həmin məlumatı qəbul etməyə çağırır, sonra isə onu həyata keçirir. Rusiya əvvəl deyirdi ki, silah versələr vuracağıq, sonra da bəyan ediblər ki, qoşulsalar vuracağıq".
Bu səbəbdən həmsöhbətimizə görə, hələlik hər iki tərəfdən səslənən hədələr söz güləşdirməkdən o yana keçməyəcək:
"Görünən odur ki, əsasən də ABŞ Ukraynada müharibənin davam etdirilməsində maraqlıdır. Hətta onlar Rusiya ilə danışıqlara da getmir. Bildirirlər ki, Moskva hələlik danışıq aparmağa hazır deyil. Avropa isə müharibə öz qapısı yaxınlığında baş verdiyindən bu danışıqların olmasında maraqlıdır. Belə olan halda Rusiya ilə ABŞ-ın bir-birini hədələməsi hələlik söz yığnağından başqa bir şey deyil".