azia.az
azia.az

Putin ABŞ və NATO-ya ultimatum verdi

15-12-2021, 12:22

Putin ABŞ və NATO-ya ultimatum verdi
Rusiya prezidenti Vladimir Putin Ukrayna ətrafında gərginliyin artdığı bir vaxtda Birləşmiş Ştatları və NATO-nu Moskvaya təhlükəsizlik qarantiyalarının verilməsi barədə “dərhal danışıqlara” çağırıb. Kremlin verdiyi məlumata görə Putin bu tələbini dekabrın 14-də finlandiyalı və fransalı həmkarları ilə telefon söhbətləri zamanı bir daha səsləndirib.


Qeyd edək ki, son həftələrdə Ukrayna və onun Qərb dəstəkçiləri Rusiyanı Ukrayna ilə sərhəddə çox sayda qoşun və hərbi texnika cəmləşdirməkdə ittiham ediblər. Onlar bildirirlər ki, bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə hazırlıq ola bilər. Rusiya rəsmiləri Moskvanın Ukraynaya hücum niyyəti olduğuna dair iddiaları rədd edirlər və əksinə yaranmış gərginliyə görə Ukraynanı günahlandırırlar. Rusiya habelə bildirir ki, o öz qoşunlarını öz ərazisinin istədiyi hissəsində cəmləşdirmək hüququna malikdir.

Putin ABŞ və NATO-ya ultimatum verdi
Dekabrın 14-də Finlandiya prezidenti Sauli Niinisto ilə söhbətində Putin deyib ki, ölkəsinin təhlükəsizliyi üçün “ona beynəlxalq hüquqi qarantiyaların verilməsi məqsədilə Birləşmiş Ştatlar və NATO ilə dərhal danışıqlara başlanmasına ehtiyac var”. Kreml bildirir ki, eyni gündə Putin fransalı həmkarı Emmanuel Makronla telefon söhbətində NATO-nun şərqə doğru genişlənməsinin qarşısının alınması üçün Qərb ölkələri ilə təcili danışıqlar istədiyini bildirib.

Kremlin verdiyi məlumata görə, Putin NATO-nun şərqə doğru genişlənməsinin və Rusiyaya qonşu ölkələrdə, ilk növbədə Ukraynada Rusiyanı hədələyən silahların yerləşdirilməsinin qarşısının alınması üçün hüquqi baxımdan təsdiqlənmiş qarantiyaları verəcək beynəlxalq danışıqlarını əhəmiyyətini vurğulayıb.

Putin ABŞ və NATO-ya ultimatum verdi
Putin buna bənzər tələbləri ABŞ prezidenti Co Baydenlə ötən həftə keçirilən virtual danışıqlarında da, dekabrın 13-də Britaniya baş naziri Boris Consonla telefon söhbətində də səsləndirmişdi. Avropa İttifaqının xarici işlər nazirləri Rusiyanın Ukraynaya təcavüzü təqdirində Moskva üzərinə qoyulacaq sanksiyaları koordinasiya etmək üçün dekabrın 13-də Brüsseldə görüşüblər.

Aİ bundan əvvəl Rusiyanın üzərinə Moskvanın Krım yarımadasını ilhaq etməsinə və Ukraynanın şərqində gedən separatçı münaqişəni qızışdırdığına görə Rusiyanın üzərinə bir neçə dövrə sanksiyalar elan edib. Rusiya ilə 1340 kilometrlik sərhədi olan Finlandiya NATO üzvü deyil, lakin son illərdə, ABŞ-la, habelə qonşuları İsveç və Norveçlə ikitərəfli müdafiə və hərbi əməkdaşlığını gücləndirib.

Ötən həftə Finlandiya köhnəlməkdə olan hərbi donanma parkını təzələmək məqsədilə ABŞ istehsalı olan F-35 qırıcılarının alınması üçün 10 milyard avroluq müqavilə imzalayıb. Bu, Finlandiya tarixində ən bahalı hərbi alqı sayılır.

Putin NATO-nun şərqə doğru genişlənməsinin dayandırılmalı olduğunu bundan əvvəl ABŞ prezidenti Cozef Baydenlə xüsusi videoəlaqə formatında apardığı danışıqlarda da bildirib. Və bunun üçün yazılı təminat istəyib. Lakin ABŞ Dövlət Departamenti dərhal bəyan edib ki, NATO açıq qapı siyasəti yürütməkdə davam edəcək və belə təminatın verilməsindən söhbət gedə bilməz.

Analitiklərə görə, Rusiyanın Ukraynanı öz sıralarına qəbul etməyə hazırlaşdığı, yaxud alyansın bu ölkə ərazisində hərbi iştirakını genişləndirdiyi barədə təbliğatı boş yerə deyil. Bu, Ukraynaya yeni hərbi müdaxilə üçün siyasi zəmin hazırlamaq məqsədi güdür. İndiki halda ABŞ və NATO-nun Putinin bəyan etdiyi kimi, Moskva ilə “dərhal danışıqlara başlamaqdan” imtina etməsi isə Kreml tərəfindən Ukraynaya mümkün hərbi müdaxiləyə əsas kimi istifadə edilə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi