Yerevanın qaçhaqaçla açılan "45-ci günü" - Müharibədən sonra Rusiya pasportu alan ermənilərin sayı açıqlandı
"Ötən il 46 min 900-dən çox erməni Rusiya vətəndaşlığı alıb. Bu, bir ölkə üçün dəhşətli statistikadır. 44 günlük müharibədən sonra ermənilərin Rusiyaya köçü daha da intensivləşib. Rəsmi İrəvan ən qısa zamanda Azərbaycanla yekun sülh müqaviləsi imzalamasa və Türkiyə ilə sərhədlər açılmasa vətəndaşsız ölkə halına gələcək”.
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, 2017-2021-ci illər arasında 153 min 800 erməni vətəndaşı Rusiya pasportu alıb:
"Ermənistan iqtisadiyyatın bərbad durumu və ölkənin faktiki blokada şəraitində qalması ermənilərin kütləvi şəkildə Rusiyaya köç etməsinə gətirib çıxarır. Mövcud iqtidar bu mənfi tendensiyanın fərqindədir, lakin hazırda ciddi nəsə edə bilmir. Paşinyan adminsitrasiyasının son zamanlar yekun sülh müqaviləsinə dair verdiyi müsbət açıqlamalara, həmçinin Türkiyə ilə sərhədlərin açılması məsələsində sərgilədiyi konstruktiv yanaşma ondan xəbər verir ki, mövcud vəziyyətdən hakimiyyət narahatdır”.
Politoloqun sözlərinə görə, Ermənistan əhalisinin ölkəni kütləvi şəkildə birdəfəlik tərk etməsinin başlıca səbəbi yoxsulluq, işsizlik, aşağı maaş və inflyasiyadır.