Heyvanlar və insanlarla Marsda dayanıqlı şəhər qurmaq olacaq
“Növbəti beş ildə Mars planetinə enməsək, təəccüblənəcəm”.
Xəbər verilir ki, bunu “Time” jurnalına müsahibəsində "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri, tanınmış iş adamı İlon Mask deyib.
“Növbəti vacib addım heyvanlar və insanlarla Marsda dayanıqlı şəhər qurmaq olacaq. Nuhun gəmisi kimi bir şey... Canlıların hər cütündən aparmasaq, əks halda bir az qəribə olardı”, - o əlavə edib.
Bundan əvvəl ABŞ-ın Arizona Dövlət Universitetinin kosmos siyasəti üzrə eksperti Qreq Otri “Business Insider”ə bildirib ki, Yer kürəsinin ən zəngin adamı olan Mask NASA-nın köməyindən asılı olmayaraq, ən azı 2029-cu ilə qədər Marsa çata bilməyəcək. CNBC yazır ki, analitiklər başqa planetdə uzunmüddətli məskunlaşmağa daha çox şübhə edirlər.
Qeyd edək ki, Mask bu vədlərini və proqnozlarını çox vaxt gerçəkləşdirir. Oktyabrın sonlarında məlum olub ki, “Tesla” və “Space X” şirkətlərinin rəhbəri Marsa uçuşların təşkili üçün sərmayə yatırmaq niyyətindədir. “Mənim planım bəşəriyyəti Marsa aparmaq və insan şüurunun işığını hifz etmək üçün pul xərcləməkdir”, - İ.Mask tviterdəki hesabında yazıb.